Prezident bununla bağlı sərəncam imzaladı
Mərhum Prezident Heydər Əliyevin adını daşıyan mükafatın sahibi bəlli olub. Modern.az xəbər verir ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə Anar Rəsul oğlu Rzayevə Heydər Əliyev Mükafatı verilib.
Heydər Əliyev Mükafatı Prezident İlham Əliyevin 2004-cü il martın 10-da verdiyi fərmanla təsis olunub. 2007-ci il sentyabrın 20-də isə dövlət başçısı mükafatın Əsasnaməsini təsdiqləyib. Mükafat 2009-cu ildən verilir.
Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da – mərhum dövlət başçısı Heydər Əliyevin doğum günündə verilir. Heydər Əliyev Mükafatı hər il yalnız bir nəfərə verilə bilər. Bu mükafata bir dəfə layiq görülmüş şəxs onu ikinci dəfə ala bilməz.
Mükafatın 25 bənddən ibarət Əsasnaməsində deyilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Mükafatın məbləği 50 min manatdır. Mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir.
Heydər Əliyev Mükafatına namizədi hər il oktyabr ayının sonunadək Azərbaycanın Prezidenti, Baş naziri, Milli Məclisinin sədri, Konstitusiya Məhkəməsinin sədri, Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər Heydər Əliyev Mükafatına layiq görülmüş şəxslər irəli sürə bilərlər. Mükafatı dövlət başçısı, yaxud onun vəkil etdiyi digər şəxs (şəxslər) təntənəli və aşkarlıq şəraitində təqdim etməlidir.
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi 2007-ci il noyabrın 14-də prezident fərmanı ilə müəyyənləşib. Komissiyanın sədri prezident İlham Əliyevdir.
Mükafat Komissiyasının tərkibi və sayı dövlət başçısı tərəfindən 5 il müddətinə müəyyən edilir. Prezident komissiyanı yenidən təşkil və ləğv edə bilər. Əsasnaməyə görə, komissiyanın gördüyü işlər və apardığı müzakirələr məxfi saxlanmalıdır. Mükafatın verilməsi barədə komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunmalıdır. Üzvlərinin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda komissiyanın qərarı qəbul olunmuş hesab edilir. Komissiyanın qərarı Azərbaycan Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
Heydər Əliyev Mükafatı üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir. Döş nişanı qızıldan düzəldilir. Diplom komissiya tərəfindən tərtib olunur və dövlət başçısı tərəfindən imzalanır. Döş nişanının eskiz və göstəriciləri müsabiqə yolu ilə Mükafat Komissiyası tərəfindən müəyyən olunur. Mükafata layiq görülən yaradıcılıq nümunəsi, xidmət və ya fəaliyyət bir neçə şəxsin məhsuludursa, onların hər birinə ayrı-ayrı döş nişanı və diplom təqdim olunur.
Vəfat etmiş, yaxud ölümündən sonra mükafatla təltif edilmiş şəxsin döş nişanı, diplomu və pul vəsaiti onun vərəsələrinə təqdim olunur, vərəsələri olmadıqda döş nişanı və diplom komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.
Qeyd edək ki, əsasnamədəki məhdudiyyətə baxmayaraq 2009-cu ildə mükafata 3 nəfər layiq görülüb: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, heykəltəraş, xalq rəssamı Ömər Eldarov və bəstəkar, xalq artisti Arif Məlikov.
2010-cu ildə isə həmin mükafatı xalq rəssamı Tahir Salahov alıb.
Modern.az