
Ötən gecə Almaniyanın Düsseldorf şəhərindəki “Esprit-Arena” konsert salonunda “Eurovision-2011” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Modern.az-ın məlumatına görə, Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar müsabiqənin I yarımfinalında uğurlu çıxış ediblər. “Running Scared” mahnısını ifa edən təmsilçilərimiz finalda iştirak hüququ qazanıblar. Yarımfinal konsertini 24 min tamaşaçı canlı izləmək imkanı qazanıb.
Yarımfinalda iştirak edən 19 ölkədən 10-u finala vəsiqə qazanıb.
Həmin ölkələr aşağıdakılardır:
1. Serbiya
2. Litva
3.Yunanıstan
4. Azərbaycan
5. Gürcüstan
6. İsveçrə
7. Macarıstan
8. Finlandiya
9. Rusiya
10. İslandiya
Albaniya, Xorvatiya, Malta, Norveç, Polşa, Portuqaliya, San-Marino, Ermənistan, Türkiyə isə finala vəsiqə qazana bilməyib.
Finala vəsiqə qazanan ölkələr artıq birinci yarımfinaldan sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında finalda çıxış ardıcıllığını müəyyən edən püşkatma da olub. Püşkatmanın nəticəsinə görə, Azərbaycan finalda 19-cu çıxış edəcək. Mayın 14-də keçiriləcək final mərhələsində ümumilikdə 25 ölkə yarışacaq.
Qeyd edək ki, mayın 12-də keçiriləcək II yarımfinalda da 19 ölkə yarışacaq. Bu mərhələdən də 10 ölkə seçiləcək. Yarımfinallardan qalib çıxan ümumilikdə 20 ölkə finalda Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq. Adlarını qeyd etdiyimiz 5 ölkə müsabiqənin təsisçiləri olduğundan birbaşa finalda yarışır.
Modern.az