Mayın 10-da “Buta” sarayında mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. (AzərTAc)
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdiriblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir mərhum dövlət başçısı Heydər Əliyevin ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başlayıb.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirib. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun 7 illik fəaliyyətini xatırladıb. Azərbaycanın birinci xanımı deyib ki, Fond ötən il də bir sıra irimiqyaslı layihələr həyata keçirib. Mehriban xanım vurğulayıb ki, ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmasıdır.
Prezident İlham Əliyev də mərasimdə nitq söyləyib. Ölkə başçısı "Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq" söyləyib.
Sonra Heydər Əliyev mükafatının təqdimatı olub. Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olunub. Dövlət başçısı mükafatı Anar Rzayevə təqdim edib.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olunub.
İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olunub.
Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edilib.
Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub. Konsertdə dünya şöhrətli “İl-divo” qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılanıb.