Modern.az

Məşhur göz həkimi: “Azərbaycanda gözün buynuz qişasının transplantasiyası qadağan deyil”

Məşhur göz həkimi: “Azərbaycanda gözün buynuz qişasının transplantasiyası qadağan deyil”

Aktual

3 İyul 2017, 13:44

Gözdəki bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bu halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsidir.

 

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

 

Bu əməliyyat Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib. Son illər bu sahədəki ən böyük problem buynuz qişanın əldə edilməsi üçün donor tapılması ilə bağlıdır.

Bunun üçün Azərbaycanda göz bankları yaradılmalı, ya da qısa müddət ərzində xarici ölkədən gətirilməlidir.

Məlum olduğu kimi, gözün buynuz qişası ölüdən götürülür. Amma ölkəmizdə böyük çoxluq ölüsündən donor kimi istifadə edilməsinə razılıq vermir.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda bir sıra məşhur oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər.

Oftalmoloqlar  ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar. Hətta bu “donor”lar vasitəsilə bir neçə xəstəni də əməliyyat ediblər.
 

Oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur Modern.az-a açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, Azərbaycanda sovet dövründən orqan köçürülməsi həyata keçirilir:

“İstənilən orqan, sahibinin vəsiyyəti və yaxınlarının icazəsilə köçürülə bilər. Bunlar göz, qaraciyər, böyrək, dəri və s.-dir. Bu orqanların köçürülməsi qadağan olunmayıb. Deyilənlər səhv informasiyadır.

Azərbaycana xaricdən buynuz qişanın gətirilməsi qadağan idi. Amma ümumiyyətlə, orqan köçürülməsi qadağan deyil. Kiminsə qaraciyərini, kiminsə böyrəyini, kiminsə gözünü köçürürlər. Bu qadağan deyil”.

 
Professor deyir ki, özü dəfələrlə buynuz qişası əməliyyatlarını icra edib:

“Mən 1982-ci ildə Moskvadan gələndən bu günə kimi bu əməliyyatları edirəm. Amma son illər material çatışmazlığı var. Mənim doktorluq dissertasiyam da bu mövzuya həsr olunub. Mən də razılıq əsasında bu əməliyyatları icra edirəm”.
 

P.Qəlbinur deputat Qənirə Paşayevanın öz orqanlarını bağışladığını xatırladıb:

“Bu savab işdir və təbiidir. Onsuz da şəxs öldükdən sonra onun dəfn edirik,  torpağa qarışıb gedir. Amma hansısa orqanını bağışlamaqla başqa bir insana həyat vermiş olursan. Allah məqamında da bu, günah deyil. Əsas ruhdur, o da yaşayır. Həm də bu, dövlətin qanunu ilə qadağan edilmir. Siz dediyiniz yalnız donor gözlərə aiddir ki, yəni xaricdən gətirilməsi qadağan idi. Milli Məclis 5-6 ay əvvəl qərar verdi. Artıq ona da icazə var. Yəni qanun bunu qadağan etmir. Kim əksini deyrisə, səhv edir”.


Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama