“2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanun layihəsində dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.
Modern.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının dürüstləşdirilmiş rəyində öz əksini tapıb.
Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğu qeyd edilib.
Belə ki, Palata 2017-ci ilin 5 ayı üzrə bu mənbə üzrə daxilolmaları cari ilin 200 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50 mln. manat təşkil etməsini göstərib. Bu isə yanvar-may aylarında illik proqnozun cəmi 25%-nə bərabərdir.
Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100000 min manat məbləğinin nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68768,4 min manat və ya 3,2 dəfə az olmaqla 31231,6 min manat məbləğində vəsaitin daxil olduğu göstərilib.
Gülşən RAUFQIZI