Bəzən insanlar pulları olmayanda və ya az olanda belə nə isə almaq istəyirlər. Bahalı mobil telefon arzulayırıq. Evin mebelini yeniləmək, maşını dəyişmək istəyirik.
Pul yığmaq üçün vaxt və iradə tələb olunur. Lakin çox gözləmək istəməyəndə və ya müəyyən səbəbdən təcili pula ehtiyac yarananda, kredit üçün banklara üz tuturuq.
Hazırda banklarda hər cür növ kreditlər təklif olunur. Lakin son zamanlar kreditlərin verilməsi qaydaları sərtləşdirilib. Buna səbəb də problemli kreditlərin artması olub.
Bununla belə, hələ də banklra kredit üçün müraciət edənlərin sayı çoxdur. Yeni kredit götürəndə, bəzi məqamları əvvəlcədən bilmək lazımdır. Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, istehlakçılar bu məqamlara diqqət yetirməlidirlər:
KREDİTİ KİM ALA BİLƏR: 18 yaşı tamam olmuş hər bir şəxsə kredit verilə bilər. Bununla belə, əgər yaşınız 18-dən aşağıdırsa, lakin əmək müqaviləsi üzrə işləyir, valideynlərinizin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa və ya qanun yol verdiyi halda nikaha girmişsinizsə, siz həmin yaşda da kredit ala bilərsiniz.
FAİZ: Bank sizə müəyyən pul məbləğini faizlə borc verir. Bundan əlavə, bank bəzi komissiyalar (xidmət haqları) da ala bilər, məsələn: ərizəyə baxılmasına, kreditin verilməsinə görə və s. Beləliklə, siz, istədiyiniz əşyanı təxirə salmadan ala bilərsiniz. Ancaq unutmayın ki, nəyi isə kreditlə almaq heç də hədiyyə almaq demək deyil. Borc aldığınız pulu faizi ilə birlikdə qaytarmalı olacağınızı unutmayın. Bu səbəbdən kredit almaq haqqında qərar qəbul etməzdən əvvəl ciddi düşünmək lazımdır.
DƏBBƏ PULU: Kredit üzrə ödənişi vaxtında edə bilmədikdə, bank sizdən gecikdirməyə görə cərimə (dəbbə pulu) tutacaqdır. Ödəniş intizamınızın pozulması sizin kredit tarixçənizə xələl gətirə bilər. Bu səbəbdən ödənişləri heç zaman gecikdirməyin. Bu, sizin etibarlı müştəri olmağınıza imkan yaradar və gələcəkdə bank sizə təkrar kredit verdikdə müəyyən güzəştlər edə bilər.
KREDİT NÖVLƏRİ: Bankdan iki növ kredit ala bilərsiniz – məqsədli kredit və istehlak krediti. - müəyyən bir məqsəd üçün, məsələn, maşın almaq, təhsil almaq və ya biznes qurmaq üçün verilir. Bu zaman siz böyük ehtimalla pulu “canlı” olaraq görməyəcəksiniz. Məsələn, təhsil krediti alarkən bank, pulu birbaşa universitetin hesabına köçürəcəkdir. Məqsədli kreditlərin əsas növlərindən biri mənzil almaq üçün verilən ipoteka kreditidir. Əgər məqsədli kredit hər hansı bir aktivin (məsələn, mənzilin) alınması üçün sərf edilirsə, onda həmin aktiv, bir qayda olaraq, kredit üçün girov qoyulur. Bu, o deməkdir ki, kredit qaytarılmadığı təqdirdə bank öz pulunu geri almaq üçün girovun satılmasını tələb etmək hüququna malikdir.
Əgər kredit üzrə girov qoyulubsa, deməli bank daha az risk daşıyır. Ona görə də bank girovlu kredit üzrə girovsuz kreditlə müqayisədə daha aşağı faiz dərəcəsinə razı ola bilər. Məqsədi şəxsi istehlakdır. Bu krediti məşğulluğunuzla və ya sahibkarlıqla bağlı olmayan məqsədlər üçün xərcləyə bilərsiniz
0% OLSA BELƏ: Kredit almaq haqqında qərarı kortəbii olaraq qəbul etməyin: hətta faiz dərəcəsi sıfır olan kredit belə yüksək komissiyalara (xidmət haqlarına) görə bahalı ola bilər. Ona görə də mütləq kreditin faktiki illik faiz dərəcəsini (FİFD) öyrənin.
Kreditin məbləği kifayət qədər böyük olduqda və girov təminatı olmadıqda, kreditin verilməsi üçün bank zamin tələb edə bilər. Bu, valideynlərinizdən biri və ya zəruri olduqda sizin yerinizə krediti ödəməyə hazır olan tanışınız ola bilər. Bu, böyük bir məsuliyyətdir. Bu barədə kimdənsə xahiş etməmişdən əvvəl, yaxud kimsə sizdən onun zamini olmağı xahiş etdikdə yaxşıca fikirləşin
BAŞQASININ ADINA KREDİT: Azərbaycanda başqasının adəna kredit götürmək də dəbə minən məsələlərdən biridir. Özünün rəsmi iş yeri olmayan dost-tanış gəlib xahiş edir, siz də xahişdən keçməyərək öz adınıza kredit alırsınız. Lakin unutmayın ki, kimsə sizin adınıza kredit götürürsə, bu halda ən böyük məsuliyyət sizin üzərinizə düşür. Belə kreditin ödənişinin gecikdirilməsi halında borcu siz ödəməli olacaqsınız.
DİQQƏT: Əgər ehtiyacınız yoxdursa, kredit kartlarını və şəxsiyyət vəsiqənizi üzərinizdə daşımayın. Bütün maliyyə sənədlərinizi evinizdə etibarlı bir yerdə saxlayın. Heç zaman kredit kartları üzərində pin kodu yazmayın. Sizin haqqınızda məlumatlar daşıyan gərəksiz maliyyə sənədlərini ləğv edin: kassa çekləri, bankomat qəbzləri, hesabdan çıxarışlar, kredit almaq üçün verilən ərizə, köhnə kredit kartları və s.
VİRTUAL FIRILDAQÇILAR: Elektron poçt vasitəsi ilə məktub göndərərək məlumatları əldə etməyə cəhd edənlərin “tilovuna düşməyin”. Onlar həqiqətən mövcud olan təşkilatların adından sizi saxta internet saytlarına daxil olmağa dəvət edə bilərlər. Heç bir bank hesabınız barədə məlumatları elektron poçt və ya internet vasitəsilə göndərməyi və yaxud dəqiqləşdirməyi tələb etməz. Əgər belə bir məktub almısınızsa, bu o deməkdir ki, kimsə dələduzluq məqsədilə şəxsi məlumatlarınızı almağa çalışır.
Müflisləşmə – kreditorlarınıza (borc verənlərə) olan borclarınızı ödəyə bilmədiyiniz vəziyyətə düşməyiniz deməkdir. Bu, fövqəladə bir haldır. Müflisləşdiyiniz təqdirdə, bu hadisə sizin kredit tarixçənizdə uzun müddət qalacaqdır.
Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.