Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən atəşə tutulması barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Kaspşikin nümayəndələri hər iki tərəfdən araşdırma aparır.
"ATƏT-in bəyanatını köhnəlmiş hesab edirik. Kaspşikin ofisinin əməkdaşları məsələni araşdırmaq üçün hadisə yerindədir. Erməni hərbçilər yaşayış məntəqisini minaatanlardan və iri çaplı silahlardan atəşə tutmağın nə ilə nəticələnə biləcəyini bilirdi. Bu, qəsdən atılmış addımdır. Biz ATƏT-dən yeni bəyanat gözləyirik", - H.Hacıyev vurğulayıb.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Modern.az