Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının İstanbulda keçiriləcək 49-cu sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələ qaldırılacaq.
Bu barədə Modern.az-a QDİƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev məlumat verib.
Eldar Quliyev qeyd edib ki, erməni tərəfi daim belə təxribatlara əl atmaqda davam edir.
"Keçən ilin aprelində də ermənilər bizim kəndlərimizi, mülki vətəndaşları gülləbaran edirdilər. Bundan sonra Azərbaycan əsgəri dözməyərək, hücuma keçdi və işğal altında olan torpaqların bir hissəsini geri aldı. Azərbaycanın milli ordusu bu gün hər şeyə qadirdir. Ali Baş Komandan əmr verərsə, əminəm ki, öz torpaqlarımızı bir neçə gün ərzində azad edə bilərik. Lakin biz sülhsevər xalq olduğumuzdan, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Biz erməni xalqının deyil, erməni hakimiyyətinin, hərbi qüvvələrinin düşmən olduğunu bəyan edirik. Problemimiz həll edildikdən sonra bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına yerləşəcək”.
Mirmahmud KAZIMOĞLU