"Avrasiya Əməkdaşlıq Fondu regionların inkişafı üçün önəmli olan 9 kiçik təşəbüsü dəstəkləyib. Bu fəaliyyət Mingəçevir, Ağcabədi, Quba, Xaçmaz, Şirvan, Sabirabad rayonlarını əhatə edib. 18 min manat məbləğində maliyyə ayrılan bu kiçik təşəbbüslər Fondun İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılıb". Modern.az xəbər verir ki, bu barədə Bakı şəhərində təşkil olunan tematik seminarda məlumat verilib.
Məlumata görə, Şirvan Resurs Mərkəzi üzrə 3 təşəbbüs dəstəklənib. “Şirvan şəhər, Hacıqəhrəmanlı və Bayramlı qəsəbə bələdiyyələrinin həyata keçirdiyi abadlaşdırma və ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı xidmətlərin mövcud vəziyyətin monitorinqi və təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində Şirvan şəhərinin mərkəzində və şəhər yaxın 2 qəsəbədə bələdiyyələrin abadlaşdırma və məişət tullantılarının təmizlənməsi ilə bağlı gördüyü işlərin monitorinqi aparılıb. Təşəbbüs çərçivəsində 3 bələdiyyədə qiymətləndirmə aparılıb, problemlər dəyərləndirilib, sorrğular vasitəsilə əhalinin poblemlərə və onlardan çıxış yollarına münasibət öyrənilib.
„Sabirabad rayonunun Qaratəpə və Qaraağac kənd, Saatlı şəhər bələdiyyələrinin həyata keçirdiyi ictimai xidmətlərin mövcud vəziyyətin monitorinqi və təkliflər paketinin hazırlanması“ layihəsi çərçivəsində Sabirabad və Saatlı rayonları üzrə 3 bələdiyyə ərazisində yerli özünüidarə orqanları tərəfindən həyata keçirilən ictimai xidmətlərin monitorinqi həyata keçirilib. Təşəbbüs çərçivəsində hər 3 ərazidə bələdiyyələrin göstərdiyi ictimai xidmətlərin, ilk növbədə yolların saxlanması, yaşıllıqların salınması və ərazilərin tullantılardan təmizlənməsi ilə bağlı mövcud durum qiymətləndirilib. Sonda problemlərin həll üçün təkliflər təqdim olunub.
“İctimai mənzil fondu ilə bağlı mənzil kommunal xidmətləri üzrə təkliflərin təkmilləşdirilməsi və yeni yanaşma” layihəsi çərçivəsində Şirvan şəhərində çoxmərtəbəli mənzillər üzrə göstərilən xidmətlərin (lift, binaların təmiri, zirzəmilərə xidmət, həyətlərin tullantılardan təmizlənməsi və s.) keyfiyyəti analiz edilib, müxtəlif binaların sakinləri arasında mövcud durumu qiymətləndirmək üçün sorğular keçirilib. Layihə çərçivəsində maarifləndirmə məqsədi ilə çoxmərtəbəli mənzillərdə yaşayan sakinlərin maarifləndirilməsi üçün „Yaddaş kitabı“ hazırlanaraq əhaliyə paylanılıb. Bina sakinləri və Mənzil-Təsərrüfat Birliyi arasında nümunəvi müqavilə forması tərtib edilərək sakinlərə təqdim olunub. Tədqiqat hesabatında çoxmərtəbəli mənzillər üzrə göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər əks olunub.
Quba-Xaçmaz regionu üzrə Resurs Mərkəzi çərçivəsində isə 2 layihə dəstəklənib. Belə ki, “Xaçmaz rayonunda suvarma suyu ilə bağlı möcud problemlərin araşdırılması, problemin həlli imkanlarını nəzərdə tutan təklif və ya tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində Xaçmaz rayonunda aqrar sektorun və torpaqlardan istifadənin statistik analizi aparılıb. Torpaqların suvarma suyu ilə təminatının mövcud durumu təhlil olunub, bu sahədə problemlər və onlardan çıxış yolları işlənilib. Tədqiqat hesabatı ilə yanaşı, araşdırmanın əsas detallarının əks olunduğu 10 dəqiqəlik TV reportaj hazırlanıb.
“Quba-Xaçmaz regionunda turizm sektorunun ətraf mühitə təsirinin qiymətləndirilməsi” layihəsi çərçivəsində turizm sektorunun Quba rayonun iqtisadiyyatında rolu ilə yanaşı, bu sektorun ətraf mühitə təsirinin qiymətləndirilməsinə təşəbbüs göstərilib. Turizm obyektlərinin iqtisadi inkişafa dəstəyi ilə yanaşı ekoloji baxımdan səbəb olduğu bəzi problemlər nəzərdən keçirilib, problemlərin aradan qaldırılması üçün təkliflər təqdim edilib. Mingəçevir Resurs Mərkəzi çərçivəsində isə 4 təşəbbüs dəstəklənib. “Mingəçevirin su təminatı vəziyyətinin qiymətləndirilməsi” layihəsi çərçivəsində şəhərin içməli su və yaşıllıqların suvarılması üçün texniki su ilə təminatının mövcud vəziyyəti analiz olunub. Təşəbbüs çərçivəsində müxtəlif ərazilərdən su nümunələri götürülərək laborotoriya şəratində keyfiyyət analizi aparmaq üçün təqdim edilib. Tədqiqatın sonunda problemin həlli üçün təklif və tövsiyyələr təqdim edilib. Layihə üzrə tədqiqat hesabatı hazırlamaqla yanaşı 2.5 dəqiqəlik videosüjet hazırlanaraq "youtube" vasitəsilə ictimailəşdirilib.
“Yerli sosial-iqtisadi inkişaf sahəsində (məşğulluq, təhsil, səhiyyə, idman, mədəniyyət və s.) və yerli ictimai xidmətlərlə bağlı problemlərin araşdırılması və onların həlli imkanlarını nəzərdə tutan təklif və tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində Mingəçevir şəhəri ərazisində əhalinin müxtəlif ictimai xidmətlərə əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə məqsədi ilə əhalinin ən müxtəlif sosial-demoqrafik qruplarını təmsil edən 50 nəfər arasında sorğu keçirilib, sorğu əsasında sakinlərin gəlir əldəetmə imkanları, gəlirlərinin xərclərini qarşılaya bilməs səviyyəsi, təhsli və səhiyyə xidmətlərindən, həmçinin kommunal xidmətlərdən yararlanma səviyyəsi qiymətləndirilib.
“Ağcəbədi rayonunun Taxtakörpü adlı ərazisində məskunlaşmış qaçqın və köçkünlərin məşğulluq, təhsil, səhiyyə, və yerli ictimai xidmətlərlə bağlı problemlərin araşdırılması və onların həlli imkanlarını nəzərdə tutan təklif və ya tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində Ağcabədi rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemləri araşdırılıb. Təşəbbüsün həyata keçirildiyi dövrdə rayonun Taxtakörpü ərazisində yaşayan 8000 nəfərə yaxın qaçqın və məcburi köçkünlərin sosial-demoqrafik tərkibi ilə bağlı statistik informasiyalar toplanıb. Ərazidə sosial və nəqliyyat infrastrukturun, həmçinin əhalinin məşğulluq vəziyyətinin qiymətlənidirlməsi aparılıb, onlaırn sosial-iqtisadi problemlərinin dəyərləndirilməsi üçün 150 ailə arasında sorğu keçirilib.
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkluziv təhsilinin inkişafı” layihəsi çərçivəsində isə Mingəçevir şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşam imkanlarının qiymətləndirilməsi aparılıb. Təşəbbüs çərçivəsində bu qəbildən olan uşaqların sayının dəqiqləşdirilməsi ilə bağlı statistik analiz aparılıb, 25-dək uşağın timsalında insan tarixçələri hazırlanıb, uşaqların iştirakı ilə birgə əyləncəli tədbirlər təşkil edilib. Tədqiqat hesabatı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərin həlli üçün təkliflər hazırlanıb.
Seminar iştirakçıları həmçinin layihə iştirakçısı olan yerli qeyri-hökumət təşkilatlarının əməkdaşlıq platformasının yaradılması ilə bağlı memorandumun ilkin mətnini müzakirə edərək qəbul ediblər. Qərara alınıb ki, memorandum yerli təşkilatların iştirakı ilə bir daha müzakirə edildikdən və yekun variant razılaşdırıldıqdan sonra platformanın formalaşdırılması prosesinə başlanılsın.
Modern.az