Modern.az saytının məlumatına görə, Azərbaycanda “Gizli nömrədən zəng” xidməti ləğv ediləcək. Bu barədə "Bakcell" şirkətinin baş hüquqşünası Mehman Səmədov məlumat verib. O, bildirib ki, hazırda bu məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən araşdırılır. «Belə bir məsələ var ki, bütün mobil operatorlar bu xidmətdən imtina edəcəklər»-deyə M.Səmədov bildirib.
Qeyd edək ki, bir müddət öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu xidmətin ləğv ediləcəyini və bu sahə üzrə təkliflərin hazırlandığını qeyd edib.
Xatırladaq ki, mobil rabitə operatorları tərəfindən tətbiq olunan bu xidmət zamanı istənilən istifadəçi nömrəsini gizlətməklə digər istifadəçiyə zəng edə bilər. Bununla yanaşı, qarşı tərəf ona zəngin hansı nömrədən daxil olduğu barədə məlumatı yalnız hüquq-mühafizə orqanlarına müraciət etməklə ala bilər.
Mobil rabitə operatorlarında məhz bu xidmətlə bağlı olaraq şirkətə hər gün onlarla şikayətin daxil olduğunu bildiriblər. Verilən məlumata görə, “Gizli nömrədən zəng” xidmətinin istifadəçilərindən bir hissəsi vəzifəli şəxslərdir: «Onlar kiməsə zəng edəndə öz nömrələrinin görünməsini istəmirlər. Digər istifadəçilər isə bu xidmətin yaratdığı imkanlardan sui-istifadə, yəni sadəcə başqalarını narahat etmək üçün istifadə edirlər: «Göründüyü kimi, bəzi istifadəçilərimiz belə xidmətdən istifadəyə hazır deyil”.
Anar Rüstəmov