“Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki təxribatına etiraz olaraq Danimarka Vətən Cəmiyyəti bir neçə yerə məktub ünvanlayıb”.
Avropanın media qurumları bu cür hadisələri işıqlandırmaq istəmirlər…
Bunu Modern.az-a açıqlamasında Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi bildirib:
“Danimarka Vətən Cəmiyyəti BMT-nin baş katibi Antonio Guterrese, Danimarka Parlamentinin Spikeri Morgens Lykketoft, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova, həmçinin Avropa Insan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Iqor Popova, amerikalı həmsədri James Warlicke, fransalı həmsədri Pierre Andrieye, Avropa Parlamentinə məktub ünvanlayıb.
Dünən axşam məktubları hazırlayıb qeyd etdiyim yerlərə göndərdik. Yalnız Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri məktubumuzun qəbulu ilə bağlı avtomatik geri dönüş etdi.
Düzü, Avropanın media qurumları bu cür hadisələri işıqlandırmaq istəmirlər. Çünki daha sonra problemlər yaranır. Təbii ki, ermənilərin təcavüzkar siyasəti, o cümlədən bu son təxribatı haqqında məlumatlar mətbuat orqanlarında dərc olunmalıdır. Amma əsas Danimarka rəsmilərinə məktub göndərməli və BMT üzvü olaraq təqdim etdikləri 4 qətnamənin yerinə yetirilmədiyini bildirməliyik. Məktubları bu təpkidə yazıb göndərirəm. Hazırda Türk və Danimarka Birliyində qəzet dərc olunur, bu məlumatı onlara göndərəcəm. Eyni zamanda Danimarka mediasına da bu barədə yazacam”.
“Danimarkada səfirliyimiz olmadığı üçün işimiz çox çətindir”
“Azərbaycan hökuməti Kolumbiyada, Meksikada səfirlik açmaqdansa, onu Danimarkada açsa, daha yaxşı olar. Ermənilərin burada cəmiyyətləri yox idi. Lakin Ermənistan səfirlik açandan sonra həmin problem aradan qaldırıldı. Təsəvvür edin ki, hər hansı parlament sədrinə və ya deputata təxribat barədə yazacam və qarşılığında gözləməyimi istəyəcəklər. Amma səfir birbaşa danışmağa gedir”.
Günay RƏSULQIZI