Azərbaycanla bağlı diplomatik yazışmalarda adı keçən Bernsin namizədliyi Klintona müavin postuna irəli sürülüb
ABŞ prezidenti Barak Obama Dövlət katibinin müavini postuna bu ölkənin Rusiyadakı keçmiş səfiri, Klintonun siyasi məsələlər üzrə müavini Uliyam Bernsin namizədliyini irəli sürüb. Bununla bağlı Ağ Evin yaydığı məlumatda deyilir ki, əgər Senat Bernsin namizədliyini təsdiq etsə, o zaman o, hazırda Dövlət Departamentində ikinci adam sayılan Ceyms Steynberqin yerini tutacaq. Bu post mühüm sayılır. Belə ki, dövlət katibi olmadıqda onun səlahiyyətlərini icra edir.
Hazırda Berns Dövlət Departamentində üçüncü dərəcəli vəzifə hesab edilən dövlət katibinin siyasi məsələlər üzrə müavinidir. Maraqlıdır ki, “Vikiliks” saytınınCənubi Qafqaz və Türkiyə ilə bağlı açıqladığı gizli sənədlərin böyük hissəsi Bernslə bağlıdır. O, 2001-2005-ci illərdə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə katibi olub.
Qeyd edək ki, Berns 2010-cu ilin fevralında Azərbaycanda səfərdə olub. Səfər zamanı onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. U.Berns həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. ABŞ dövlət katibinin müavini Bakı görüşlərinin nəticələrindən məmnun qaldığını bəyan edib. Bakıda verdiyi bəyanatda Berns bildirib ki, ABŞ Azərbaycanla olan ikitərəfli münasibətlərimizi dəyərləndirir və Azərbaycanın Əfqanıstan, terrorçuluqla mübarizə, regional və qlobal təhlükəsizlik sahəsində vacib olan digər məsələlərdə verdiyi dəstəyi yüksək qiymətləndirir.
Berns o zaman qeyd edib ki, bəzilərinin ABŞ-la Rusiyanın enerji siyasətləri arasındakı rəqabətin Orta Asiyada növbəti Böyük Oyuna çevrilməsindən danışması yanlış düşüncədir. Baxmayaraq ki, enerji məsələlərində rəqabət elementləri həmişə var, hər hansı kommersiya sahəsində olduğu kimi, Birləşmiş Ştatlar hesab etmir ki, enerji təhlükəsizliyi sıfır ballı oyundur.
“Biz qətiyyətlə inanırıq ki, bir-birimizə qarşı getməkdənsə, birgə işləməklə daha çox nailiyyət əldə edə bilərik”-deyə vurğulayan Berns vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşündə demokratiya və insan haqları ilə bağlı məsələlərlə maraqlanıb.
O, qeyd edib ki, yalnız sülh, sabitlik və tolerantlıq Qafqaz regionunda bütün insanlara fayda verə bilər. “Biz həmçinin ümid edirik ki, demokratik institutların gücləndirilməsi, insan hüquqlarına hörmət də, bu ölkənin və regionun gələcəyinə müsbət təsir göstərəcək. Və biz bu istiqamətdə cəhdlərə dəstəyimizi davam etdirəcəyik. ABŞ Azərbaycanla güclü dost ölkədir. Amerika təhlükəsiz, demokratik və firavan ölkənin inkişafı istiqamətində Azərbaycan hökuməti və xalqı ilə yaxından işləməyə hazırdır”, - deyə Berns əlavə edib.
Modern.az