ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasında iyulun 8-də Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edilib.
Modern.az xəbər verir ki, Çinin “Sinxua” Dövlət Agentliyi də “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu”nun təsis edilməsini işıqlandırıb.
“Dəstək qrupunun yaradılması təklifi Azərbaycanın təşəbbüsü olub. 17 ölkənin qoşulduğu qrupa daha 3 ölkə maraq göstərir.
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev çıxışında qrupöun yaradılmasının qarşılıqlı iqtisadi və ticarət münasibətlərinə müsbət töhfə verəcəyini, ticarət dəhlizlərinin inkişafına, insanların, xidmətlərin, malların və investisiyaların sərbəst hərəkətinə imkan yaradacağını deyib.
Qrupun məqsəd və məramından danışan Azay Quliyev belə bir təşəbbüsün reallaşmasının “İpək Yoluna Dəstək Qrupu” ölkələrinin bir-birinə daha da yaxınlaşmasına, ATƏT dəyərlərinin təşviqinə, üzv ölkələrin milli maraqlarının təmin olunmasına və onlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcəyini bildirib.
O, “İpək Yoluna Dəstək Qrupu”nun öz fəaliyyətini bu və ya digər şəkildə əsas strateji partnyor Çinlə koordinasiya edeəcəyini də deyib. Azay Quliyev qrupun növbəti iclasının Bakıda keçiriləcəyini və çinli investorların öz təkliflərini səsləndirə biləcəyini əlavə edib.
ATƏT PA-nın prezidenti Kristine Muttonen çıxışında Assambleyada “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması ideyasını yüksək qiymətləndirib və onu təşkilat üçün mühüm və maraqlı təşəbbüs adlandırıb. Xanım K.Muttonen qrupa olan yüksək marağı da qeyd edərək onun gələcəkdə parlament diplomatiyasına və ölkələrarası dialoqa xüsusi töhfə verəcəyinə inandığını qeyd edib.
Baş katib Roberto Montella da öz növbəsində ATƏT PA-da belə bir qurumun yaradılmasını alqışladığını və qurumun vitse-prezidenti Azay Quliyevin təşkilatda göstərdiyi aktiv fəaliyyəti təqdir etdiyini bildirib.
Müzakirələrdən sonra “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması ilə bağlı Protokolun rəsmi imzalanma mərasimi oldu.
Sonda isə Azay Quliyev yekdilliklə Qrupun əlaqələndiricisi, Mirkamal Əlizadə isə qrupun katibi seçilib.
Modern.az