Çexiyada həvəskarlar arasında keçirilən “Heydər Əliyev kuboku” turniri başa çatıb. 12 komandanın iştirak etdiyi turnirin final mərhələsinə 4 komanda yüksəlib. 1-ci və 2-ci yerlər uğrunda Azərbaycan və Sudan, 3-cü və 4-cü yerlər uğrunda isə Rusiya və Fələstin komandaları arasında final oyunları keçirilib. Rusiya ilə Fələstin arasında keçirilən oyun Rusiyanın 6:3 hesablı qələbəsi ilə başa çatıb. Bu oyundan dərhal sonra 1-ci və 2-ci yerlər uğrunda Azərbaycan və Sudan komandaları arasında yekun oyun keçirilib. Gərgin mübarizə şəraitində keçən final qarşılaşması Sudanın 9:5 hesablı qələbəsi ilə başa çatıb.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimini giriş nitqi ilə açan “Odlar Yurdu” Təşkilatının Müşahidə Şurasının sədri İlham Nağıyev turnirin əhəmiyyətini vurğulayıb və hər bir iştirakçıya öz minnətdarlığını bildirib.
Daha sonra isə Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxış edib, kubokun adını daşıdığı Heydər Əliyevin ölkəmizin tarixindəki, eləcə də idmanın və olimpiya hərəkatının inkişafındakı rolu haqqında məlumat verərək, tədbirin yüksək səviyyədə keçməsinə görə təşkilatçılar və iştirakçılara təşəkkür edib. O, XXI əsrdə rəqabətin məhz bu cür aparılmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə “Odlar Yurdu” Təşkilatı tərəfindən Praqada ilk dəfə keçirilən “Heydər Əliyev kuboku” turniri əvvəlki illərdə təşkilat tərəfindən Londonda da təşkil olunub.
Modern.az