Bu gün Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib. DİN-nin mətbuat xidmətində Modern.az saytına bildirilib ki, qonağı salamlayan nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanan və qəbul olunan yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Daha sonra ATƏT ilə DİN-i arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib. Respublikada və xarici dövlətlərdə təşkil olunan təlim və seminarlarda iştirak edən əməkdaşlarımız əldə edilən təcrübənin praktiki fəaliyyətdə tətbiq edilməsi istiqamətində işləri davam etdirirlər.
Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və “Cəmiyyət dəstəkli polis” layihələri həyata keçirilməkdədi. Bu layihələrin hər biri polis fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. Ümumiyyətlə ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.
Daha sonra qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində ətraflı məlumat verilib.
Daxili işlər naziri onu da qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Bu da bir reallıqdır ki, uzun müddət totalitar rejimin mövcud olduğu şəraitdə fəaliyyət göstərən mürəkkəb strukturlu, çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmaq o qədər də asan deyil. DİN buna tədricən nail olmaqla bərabər, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilən ən ciddi tədbirlərin görülməsində maraqlıdı.
Bildirilib ki, təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər DİO-dan xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad olunub.
Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülən işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd edib, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var. Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik.
Görüşdə həmçinin tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Modern.az