Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində elmi-dini maarifçilik işinin müxtəlif formalarından istifadə edilir. Müasir dünyanın, eləcə də respublikamızın ictimai-siyasi həyatının aktual məsələlərinə həsr olunmuş bu tipli tədbirlərə ölkəmizin tanınmış elm və mədəniyyət xadimləri, dövlət qulluqçuları ilə yanaşı, xarici ölkə mütəxəssisləri də dəvət olunurlar.
Modern.az xəbər verir ki, Dövlət Komitəsinin mərkəzi aparatında keçirilən növbəti seminara Filadelfiyadakı (ABŞ) Templ Universitetinin Dini araşdırmalar kafedrasının professoru Leonard Şvidler dəvət edilib. Dövlət Komitəsinin sədri Hidayət Orucov dinlərarası dialoq üzrə mütəxəssis professor Şvidleri tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikamızda keçirilən mədəniyyətlərarası və dinlərarası münasibətlərdə dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini açıqlayıb. Respublikamızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması zərurəti, onun məqsəd və vəzifələri barədə professor Şvidlerə ümumi tanışlıq verib.
Hidayət Orucov diqqətə çatdırıb ki, müasir Azərbaycanın çoxmillətli dövlət və çoxkonfessiyalı din münasibətlərinin əsasında milli siyasəti və din siyasəti durur.
“Ölkəmizdə milli məsələlərin, insanların mədəni hüquqlarının, bu fonda dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: qanunvericilik bazası və xalqlarının milli-mənəvi dəyərlər kompleksinə hörmət”.
“Dinlərarası münasibətlərdə dialoq” mövzusuna həsr olunmuş seminarda “Ölkənizdə dini durum, dövlət-din münasibətlərindəki reallığı öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur”, - qənaəti ilə çıxışına başlayan professor Leonard Şvidler əlavə etmişdir ki, hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir. Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran Leonard Şvidler klassik mənada dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini tədbir iştirakçılarına şərh edərək, məsələnin “tarixi”, “hüququ” və “humanitar” kontekstdə, “qurucu dialoq” və “dağıdıcı dialoq” istiqamətində izahını son əlli ildəki elmi araşdırmaları əsasında şərh etdi.
Dövlət Komitəsinin sədri seminara yekun vuraraq onun əhəmiyyətini vurğuladı və bildirdi ki, əməkdaşlar gələcək mühazirələrində bu gün iştirakçısı olduqları tədbirdə səslənən bəzi nəzəri fikirlərdən layiqincə bəhrələnəcəklər.
Professor Leonard Şvidler tədbirin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Mail Ağaxanov