Bəzi binaların yanından burnunu tutmadan keçə bilmirsən, bunu edən də ərəblərdir?
Ötən gün sosial şəbəkədə ölkəmizə turist olaraq gələn bir ərəbin nəqliyyat vasitəsinin yanında təbii ehtiyacını aradan qaldırarkən şəkli paylaşıldı. Ərəbi müsəlmançılığa qatıb həm dini, həm ərəbləri təhqir edənlər oldu.
Modern.az xəbər verir ki, tanınmış ilahiyyatçı Elşad Miri də məcburən bu mövzu barədə fikir bildirib:
“İstəmədim bu iyrənc mövzuya toxunum. Sadəcə qısa da olsa, gördüklərimi yazmaq istədim.
Bu məsələni gündəmə gətirənlər niyə ölkəmizdəki ayaqyolu qıtlığı haqda heç nə yazmırlar? Niyə unuduruq ki, ölkəmizi görməyə gələn turistin təbii ehtiyacını aradan qaldıracağı otelindən başqa nə evi, nə iş yeri, nə tanışı, nə də gedəcəyi qohumu var. Turistin etdiyinə haqq qazandırmamaqla yanaşı, bu məsələnin də nəzərə alınmasını istərdim”.
E.Miri xarici ölkələrdə bu cür hallarla dəfələrə qarşılaşdığını bildirib:
“İlk dəfə ABŞ-da olanda həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə ilk göstərilən yerlərin ayaqyolu olan otaqlar olması mənə təəccüblü gəlmişdi. Biz isə ayıb kimi baxıb, bu haqda danışmır və yazmırıq.
Londonun mərkəzi meydanında axşam saatlarında içkili bir xanımın hər kəsin ortasında təbii ehtiyacını ödədiyini gördükdə sadəcə oradan uzaqlaşdıq və həmin hadisənin şəklini çəkməyi ağlımızın ucundan da keçirmədik.
Avropanın müxtəlif ölkələrində o qədər bu kimi hallara rast gəlmişəm ki… Bunu da edən ərəblərdir? İndi həmin divarları yeni boya ilə boyayırlar ki, ora dəyən su həmin adamların üstünə sıçrasın.
Hazırda elə binalarımız var ki, ordan keçəndə burnumuzu tutmaq məcburiyyətində qalırıq. Bunu edənlər hansı sivilizasiyanın nümayəndələridir? Dürüst və ədalətli olaq!”.
Gülşən RAUFQIZI