Modern.az

QHT-lər ezamiyyə xərclərinin azlığından şikayətçidir - Nazirlər Kabinetinə ETİRAZ  

QHT-lər ezamiyyə xərclərinin azlığından şikayətçidir - Nazirlər Kabinetinə ETİRAZ   

13 İyul 2017, 13:47

Nazirlər Kabinetinin dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin qaydalarına görə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manat müəyyən edilib.

Ölkə ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Rəsmi qərara əsasən, ölkə ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Nazirlər Kabinetinin qərarında göstərilib ki, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilir.

Bildirilib ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir;

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər;

büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a QHT-lərə ayrılan ezamiyyə xərclərinin aşağı olduğunu bildirib:

 

“39 manatı yol puluna verək, yoxsa mehmanxanaya?..”

 

“QHT-lərin ezamiyyə xərclərinə yanaşma iki cürdür. Əgər QHT-lər dövlət büdcəsindən ayrılan qrant alıblarsa, o zaman Nazirlər Kabinetinin ölkə daxilində və ölkə xaricində istifadə üçün ezamiyyə xərclərindən istifadə edir. Amma hazırda QHT-lərin ezamiyyə xərcləri olduqca aşağıdır. Orada gündəlik, yemək, qalmaq xərcləri və s. var. 39 manatı yol puluna verək, yoxsa mehmanxanaya?  Ölkə xaricində ezamiyyə xərclərilə bağlı məsələlərdə problem yoxdur. Çünki burada beynəlxalq təcrübə əsas götürülüb. Yəni vətəndaş hansı ölkəyə gedirsə, bütün xərclər dollar, avro, sterlinqlə hesablanır. Bu, həm QHT-lər, həm də dövlət orqanlarının nümayəndələri, məmurlar üçün eyni nəzərdə tutulub. Əgər QHT qarant alırsa, ezamiyyə xərcləri Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada olmalıdır. Beynəlxalq donorlardan alınan qrant olanda yanaşma başqa cürdür. Bəzi donorlar tələb edir ki, ezamiyyələr dövlətin müəyyənləşdirdiyi normativlər üzrə olmalıdır. Bəziləri isə bunun sərbəst şəkildə müəyyənləşdirilməsinin tərəfdarıdır. Təbii ki, bu zaman ağlabatan xərclər olmalı, şişirdilmiş xərclərə yol verilməməlidir”.

 

“Nazirlər Kabineti ezamiyyə xərclərinə yenidən baxmalıdır”

 

Ə.Nuriyev qeyd edib ki, ezamiyyə xərcləri reallıqla uzlaşmır:

“Adi mehmana qiymətlərini götürək, çox yüksəkdir. Çünki ölkədə iki, üç ulduzlu otellər yoxdur. Otel tipində yerlərdə isə ödəniş qəbzi verilmir. Qidalanma çıxılmaqla cəmi 39 manat nəzərdə tutulub. Bu məbləğə normal yerdə gecələmək olmaz. Əgər normal mehmanxanada qalmaq istəyirsənsə, bir gecəsinə ən azı 100 manat ödəməlisən. Məsələn, Qəbələdə istənilən oteldə qiymətlər 100 manatdan başlayır. Gəncədə, Şəmkirdə, Qubada da həmçinin qiymətlər yüksəkdir. Bununla yanaşı, yemək xərcləri də aşağı deyil. Problem həm məbləğin azlığı, həm də rəsmiləşdirilməsilə bağlıdır. Hansısa bölgədə yemək yeyən zaman qəbz verilmir. Bu da əlavə problem yaradır. Problem yalnız QHT-lər üçün yox, deputatlar və məmurlar üçün də keçərlidir. Məmurlar da ezamiyyətə gedəndə eyni xərclər ayrılır, onlar üçün də problem yaranır. Ezamiyyə xərcləri mövcud reallıqlara söykənmir. Ona görə də Nazirlər Kabineti ezamiyyə xərclərilə bağlı məsələyə yenidən baxmalıdır.

Digər tərəfdən, dövlət büdcəsindən ayrılan vəsaitlər köçürmə yolu ilə olmalıdır. Bu da başqa bir problemdir. Bir çox mehmanxanalar nağd ödəniş tələb edirlər. Qəbul edəndə belə, qiymətlərdə fərq artır. Çünki onlar əlavə dəyər vergisi ödəyir. Bütün bunlar xeyli dərəcədə çətinliklərdir. Çox yerdə elektron qaiməyə keçidlə bağlı qərar yoxdur. Çünki mövcud ifrastruktur buna imkan vermir. QHT-lər də, dövlət orqanları da problem yaşayır. Günə yemək üçün 9 manat ayrılır. Qalan pul heç yol xərclərini ödəmir, nəninki qalmaq xərcləri ola”.

 

“Bu, qanunsuz hallara rəvac verir”

Şura üzvünün sözlərinə görə, bir çox hallarda şəxsi vəsaitlərdən, yaxud hansısa xərcləri azaltmaqla bu xərcləri kompensasiya etmək mümkün olur:

 

“Hətta hesabatlar verəndə donorlarla problem yaranır. Xüsusilə baş verən iki devalvasiyadan sonra vəziyyət kritik həddədir. Ehtiyac duyulan əşyalar da dollarla alındığı üçün hesablamalar da o cür gedir. Bu da bizə əlavə problemlər yardır. Əvvəllər 50 manat yetərli idi. İndi 50 manat təxminən 25 dollardır. Onunla da iş həll olunmur. Bu isə qanunsuz halların baş verməsinə rəvac verir”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...