Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə «Avrasiyanın fəxri» medalı və müvafiq diplomla təltif edilib.
Modern.az-ın məlumatına görə, Medalı və diplomu Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə adıçəkilən universitetin rektoru, professor Baxıtcan Abdraim təqdim edib. Rektor Abel Məhərrəmov ona verilən dəyərə görə həmkarına və Milli Avrasiya Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlıq edib.
Bu gün Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı olub.
Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim açıblar.
Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam edib. Akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib.
Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, mərkəz Azərbaycan və Qazaxıstan mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töfhə verəcək.
Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli Universitetinin professor-müəllim heyətini təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika fakültələrində görüşlər keçirərək ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər.
Modern.az