Fransanın paytaxtı Parisdə “Ticarətin Liderləri Klubu” və “Editorial Ofice” təşkilatı tərəfindən təsis edilən “Yeni minilliyin mükafatı”nın 23-cü təqdimat mərasimi keçirilib.
Tədbirdə 25 ölkəni 30 şirkət təmsil edib. İştirakçılar arasında Fransa, Meksika, Cənubi Afrika, Braziliya, Malayziya, Rusiya və digər ölkələrdən olan ən qabaqcıl şirkətlər olub.
Tədbirdə Azərbaycanı “Akkord Sənaye Tikiniti İnvestisiya Korporasiyası” təmsil edib. Və 23-cü “Beynəlxalq İnşaat Mükafatı”na məhz Azərbaycan təmsilçisi olan “Akkord” layiq görülüb. Mükafat “Ticarət Liderlərin Klubu”nun prezidenti cənab Arsenio Pardo Rodriqes tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın prezidenti cənab Xaqani Quluzadəyə təqdim edilib.
Eyni zamanda “Akkord”a “Biznes sahəsində liderliyə” görə qızıl medalı və müvafiq sertifikat da təqdim edilib.
Tədbirdə Fransanın dövlət orqanlarının, Parisdəki xarici səfirliklərinin nümayəndələri və dünyanın tanınmış biznesmenləri iştirak edib.
Fransanın yerli kütləvi informasiya vasitələrində tədbir geniş işıqlandırılıb.
Klub “Yeni minilliyin mükafatı”nın sahiblərini tikinti və inşaat sahəsində hər il dünya üzrə aparılan təhlillər nəticəsində müəyyən edir. Təhlillərdə əsasən, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq bazarlara çıxışı və bu səpkili digər amillər nəzərə alınır.
Məlumat üçün bildirək ki, “Editorial Ofice” təşkilatı 1950-ci ildə təsis edilib. İlkin olaraq biznes sahəsində fəaliyyət göstərən 40 ölkənin şirkətlərini özündə birləşdirən Təşkilat təmsilçi şirkətlərin reyestrinin aparılması ilə məşğul olub. “Editorial Ofice” Təşkilatı 1978-ci ildə İspaniyanın Madrid şəhərində “Ticarətin Liderləri Klubu”nu təsis edib. Hazırda Klubda 120 ölkəni təmsil edən 7000-dən çox biznesin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər birləşib.
"Belə bir təşkilatın seçiminin Azərbaycan şirkətinin olmasından qürurvericidir. “Yeni minilliyin mükafatı”na layiq görülməmiz fəaliyyətimizin son 3 ilini əsasən yerli infrastruktur və beynəlxalq layihələrin icrasına yönəltməmiz və bu sahədə əldə etdiyimiz nailiyyətlərin nəticəsidir"-deyə “Akkord”dan bildirlib.
Modern.az