Modern.az

YAP bəyanat verdi

YAP bəyanat verdi

Təhsil

13 May 2011, 19:45

Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin Azərbaycana dair qətnaməsi ilə bağlı bəyanat verib. YAP-ın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib ki, hakim partiya Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab edib:

"Azərbaycan ilə ümumavropa qurumları, o cümlədən Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı arasındakı münasibətlər hal-hazırda yüksələn xətt üzrə inkişaf etməkdədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq enerji, təhlükəsizlik və demokratiyanın inkişafı kimi mühüm sahələri əhatə etməklə geniş spektrə malikdir.
Azərbaycan və Avropa İttifaqı arasında çox mühüm iqtisadi-siyasi əhəmiyyəti olan «Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair» anlaşma memorandumu imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə, daha sonra isə «Şərq tərəfdaşlığı» proqramlarına qoşulmuşdur. Bu tərəfdaşlıq heç şübhəsiz Azərbaycanda demokratik dəyərlərin və institutların möhkəmlənməsinə, həmçinin ölkənin istər iqtisadi, istərsə də hüquqi standartlar baxımından Aİ ilə daha da yaxınlaşması istiqamətində həyata keçirilən strateji xarakterli addımlardır.
Azərbaycan ilə Avropa arasındakı əməkdaşlığın çox böyük potensialına və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il tarixli sessiyasının plenar iclasında qəbul edilmiş qətnamədə bir sıra həqiqətə uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanmışdır. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Ölkəmizdə qeyd olunan hüquq və azadlıqlar konstitusion təminat altındadır və digər qanunvericilik aktları ilə dəstəklənir. Habelə qətnamədə siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil və obyektiv araşdırma aparılmadan sənədə daxil edilmişdir.
Avropa Parlamentində heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə istinad etdiyindən, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri – obyektiv qətnamənin qəbul edilməsi Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi xüsusilə düşündürücüdür və heç bir halda nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına xidmət etmir. Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyi bir zamanda ölkəmizə qarşı uydurma ittihamlarla dolu qətnamənin qəbul edilməsinin sözügedən əməkdaşlığın perspektivlərini əngəlləmək məqsədi güddüyü açıq – aşkar görünməkdədir.
Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycanda real vəziyyətin kobud şəkildə təhrif olunması məqsədi güdən iradlarını qətiyyətlə rədd edir və sözügedən qurumun obyektiv yanaşma əsasında həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirir".

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular