Ölkədə gənclər siyasətinin inkişafı istiqamətində qəbulu gözlənilən 2011-2015-ci illəri əhatə edən Dövlət Gənclər Proqramı Azərbaycanın işğal ərazilərini təmsil edən gənclər tərəfindən müzakirə olunub. Bu barədə məlumat verən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyindən verilən məlumata görə, tədbirdə İcmanın rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov, qəbulu gözlənilən sənədin əhəmiyyətini vurğulayıb və növbəti illər üçün bu proqramın gənclərin inkişafının təmini istiqamətində ciddi addım olacağını deyib:
“Gənclərə diqqət hər zaman Azərbaycan hakimiyyətinin prioritet istiqaməti olub. Buna nümunə kimi, gənclərlə bağlı bu günə qədər qəbul olunmuş proqram və qanunları göstərmək kifayətdir. Bu mənada Dövlət Proqramına verəcəyimiz təkliflər sizlərin gələcək həyatında, inkişafında öz rolunu göstərəcək”.
Rayonun YAP gənclər birliyinin sədri Pərviz Həsənov Dövlət Proqramında gənclərin vətənpərvərlik fəaliyyətinə çox yer ayrılmasını müsbət hal kimi qiymətləndirərək, bunun ərazisinin 20 faizi işğal altında olan dövlət üçün zəruri olduğunu bildirib.
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyinin Dövlət Proqramı üzrə işçi qrupunun üzvü Anar Xəlilov bildirib ki, sənəddə məcburi köçkün gənclərin ictimai mühitə inteqrasiyası istiqamətində geniş aspektlər açılıb.
Rayonun gənc aktivlərindən olan Samir Rəhimov da sənədin Qarabağ gənclərinin maraqlarına cavab verdiyini vurğulayaraq, öz təkliflərini səsləndirib.
Tədbirin sonunda gənclərin müzakirəsi nəticəsində irəli sürülmüş təkliflər Dövlət Proqramının Prezident yanında işçı qrupunun üzvü, millət vəkili Fuad Muradova təqdim olunub.
Modern.az