Mayın 13-də Rusiyanın İctimai televiziyasında “Evrovision-2011” Mahnı Müsabiqəsinə həsr olunmuş “Pust qovoryat” verilişində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın klipi nümayiş olunarkən klipin təqdimatında Ermənistanın bayrağı öz əksini tapıb.
Bu məsələ ilə bağlı Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatı verilişin rəhbərliyinə və onun aparıcısı Andrey Malaxova etiraz məktubu göndərib. Ukraynada nəşr olunan “Azərbaycanın sözü” qəzetinin baş redaktoru Azər Qardaşlının Modern.az-a bildirdiyinə görə, məktubda qeyd olunub ki, bu təqdimat Azərbaycana və onun dövlət rəmzlərinə hörmətsizlikdir və əgər bu haqda təkzib verilməzsə, məsələ Rusiya İctimai Televiziyasının Azərbaycana qarşı qərəzli mövqeyi kimi qiymətləndiriləcək.