Modern.az

Fəhlələri + 41 dərəcədə işlədənlər... - Nazirliyə kimlərdən şikayət edilib?  

Fəhlələri + 41 dərəcədə işlədənlər... - Nazirliyə kimlərdən şikayət edilib?   

Aktual

18 İyul 2017, 09:35

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işəgötürənlərə edilmiş müraciətdən sonra bu sahədə qanunvericiliyin pozulması faktı ilə bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb.

Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti tərəfindən havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsi barədə cari ilin iyul ayının əvvəllərində işəgötürənlərə müraciət edilib. Həmin müraciətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin gözlənilən hava şəraiti ilə bağlı rəsmi məlumatlarına əsasən havanın temperaturunun + 41 dərəcə selsidən çox olması halı özünü göstərməyib. Digər tərəfdən, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu halda işçilərin açıq havada işlədilməsinə dair vətəndaşlar tərəfindən Dövlət  Əmək  Müfəttişliyi Xidmətinə hər hansı müraciət də daxil olmayıb.

“İşəgötürənlərə bir daha müraciət edərək bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı, işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilələrin sayı və müddəti işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir. Belə hallarda verilmiş fasilələr iş vaxtına daxil edilməli və həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”,- deyə nazirlikdən bildirilib.

 

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal