Gürcüstanda mitinqlər təşkil olunub. Bu aksiyaların Gürcüstana gələn ərəb və fars turistlərə qarşı keçirildiyi bildirilir. Səbəb kimi turistlərin özlərini yad ölkədə yaxşı aparmaması göstərilir. Ona görə də şüarlardan birində belə ifadə yer alıb.
“Tbilisi onlar üçün fahişəxana deyil!”.
Gürcüstan parlmentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov məsələ ilə bağlı Modern.az-a danışıb.O deyib ki, mitinqlər elə-belə təşkil olunmayıb.
“Mitinqlər elə-belə təşkil olunmayıb. Əsas məqsəd turistlərə qarşı deyil, əsas məqsəd payızda baş tutacaq seçkilərdir. Hazırda Gürcüstanda hökumət başını itirib. Hökumət hansı situasiyadan istifadə etdiyini və insanların başını nə ilə qatdığını bilmir. Ona görə mitinqi ortaya atıblar. Əgər turistlər Gürcüstanı fahişəxanaya döndərirsə, bu, hökumətin günahıdır. Görünən odur ki, əcnəbi gəlib ölkədə özbaşınalıq edirsə, hökumət günahı özündə axtarmalıdır”.
Azər Süleymanov deyir ki, mitinqin keçirilməsinə səbəb oktyabrda keçiriləcək bələdiyyə seçkilərdir.
“Oktyabr ayında Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Mitinq buna görə keçirilib. Təsəvvür edin: Gürcüstana hər il 7 milyona yaxın turist gəlir. Gürcüstanın nə nefti, nə də qazı var. Başqa yerdən gəliri yoxdur. Yeganə gəlirli sahə turizmdir. Gürcüstana gələn turist hər halda qaydaları bilir. Qaydaları pozan heç kimə güzəşt yoxdur. Mitinqlərin baş tutması iqtidarın planı idi. Ərəblərin, farsların gəlib Gürcüstanda qalması bizim üçün fəxrdir. Amma son zamanlar Gürcüstan çox dəyişib. Gürcüstan gördüyümüz ölkə deyil. Mitinqin keçirilməsi hakimiyyətin qurduğu bir əməldir. Burada xüsusi kimisə günahkar hesab etmək olmaz”.
Namidə BİNGÖL