Modern.az

ANS-in aparıcısı Gündüz Abbaszadə: "Həyat yoldaşımı ANS-in efirində görüb tanımışam" (FOTOLAR)

ANS-in aparıcısı Gündüz Abbaszadə: "Həyat yoldaşımı ANS-in efirində görüb tanımışam" (FOTOLAR)

15 May 2011, 14:25

ANS-in idman xəbərlərinin layihə rəhbəri, aparıcı Gündüz Abbaszadə ANSpress-ə müsahibəsində şəxsi maraqlarından, ailəsindən, idmandan danışıb. Modern.az həmin müsahibəni təqdim edir.

- İki gün öncə jurnalistlərin futbol komandası deputatların komandasına 5:4 hesabı ilə qalib gəldi. Deputatlara qalib gəlməniz münasibətilə səni təbrik edirik! Bu həm də məhz sənin vurduğun qol sayəsində mümkün olub.

- Hə, beşincini mən vurdum.

-Bildiyimizə görə, belə oyunların çox olub. Belə çıxır ki, jurnalist Gündüz əməlli-başlı futbolçu imiş.

- Yox, yox. Biz futbol oynamırıq, elə-belə yalandan qaçırıq. Daha doğrusu, futbol oynamağa cəhd edirik. Mən buna futbol oynamaq deməzdim. Çünki futbolçular eşitsələr ki, mən futbol oynamaqdan danışıram, bir az ayıb olar. Biz elə-belə qaçırıq, hərdən imkan olanda ayağımıza top düşəndə qol da vururuq.

- Təvazökarlıq etmə, "Neftçi"nin veteranları ilə görüşdə də sizin komanda qalib gəlmişdi.

- Yadıma gəlir, 5-3 hesabı ilə qalib gəlmişdik. Nəzərə alaq ki, həmin oyunda veteranların ən gənci Vaqif Sadıqov bizim tərəfdə oynayırdı. Biz onun hesabına qalib gəldik. O olmasaydı biz udmayacaqdıq.

-
O görüş haqqında internetdə oxumuşuq. Yazılıb ki, veteranların qapısından keçən qolların 3-ü Gündüz Abbaszadənin hesabındadır.

- Hə, 3 qolu mən vurmuşdum.

-
Deyirsən ki, futbol oynayanların yanında futboldan danışmağa utanırsan. Azərbaycan futbolu belə güclüdürsə, niyə qabağa getmirik?

- Bilirsiniz necədir, mən Azərbaycandakı futbolçuların yanında futboldan danışsam, ayıb olar. Bizim futbolçularımız da yəqin ki, Messinin, Kriştiano Ronaldonun yanında oynamaqlarından danışmağa utanarlar. Mən belə fikirləşirəm.

-
Gündüz futbol oyunlarına verdiyin proqnozlar çox vaxt özünü doğruldur. Heç mərc oyunlarına pul qoymusan?

- Etiraf edim ki, hərdən olur.

-
Demək, bu bacarığından da istifadə edirsən.

- Mən buna pul, qazanc mənbəyi kimi baxmıram. Verdiyim proqnozlar bir neçə dəfə düz çıxıbsa, bu o demək deyil ki, hamısı düz olacaq. Ən azından mən Nostradamus deyiləm. Sadəcə təxminlərim özünü doğruldur. Amma hərdən sırf öz azartıma görə, oyunu daha maraqla izləməyim üçün pul qoyuram. Məsələn, "Fənərbaxça" azarkeşlik etdiyim komandadır. Həmişə "Fənərbaxça"nın qələbəsinə pul qoyaram. Bu komanda kiminlə oynayır oynasın fərqi yoxdur, onun məğlubiyyətinə pul qoymağa əlim gəlməz.

-
Əslində azarkeşlik etdiyin komandaya pul qoymaq düzgün deyil.

- Ümumiyyətlə, pul qoymaq düzgün deyil. Çünki bu qumardı, dinimiz tərəfindən bizə haram buyrulub. Amma bəzən bizim futbola maraq xatirinə xırda məbləğdə, 1-2 manat qoyuram, uduzanda da heyfslənmirəm. Hesab edirəm ki, bilet alıb stadionda futbola baxmışam.

-
Azərbaycanın hansı komandasına pul qoyarsan?

- Heç birinə! Amma bir dəfə Azərbaycan Milli Komandasının oyununa pul qoymaq istəmişəm. Azərbaycan Finlandiyanı məğlub edən gün. Həmin gün Qazaxıstan Serbiya ilə oynayırdı. Azərbaycanla Serbiyanın ikisinin birlikdə qələbəsinə pul qoymaq istəyirdim, ancaq vaz keçdim. Birinin əmsalı 11, digərinki 12 idi. Haradasa 10 AZN müqabilində 1200 AZN qazana bilərdim. Sonra öyrəndim ki, Serbiya 2-1, Azərbaycan yığması isı 79-cu dəqiqədə Emin İmaməliyev qolu ilə Finlandiyanı 1-0 hesabı ilə məğlub eləyib. Düşünürəm ki, yaxşı ki, pul qoymadım. Həmin 10 manata haram qatardım və Azərbaycan da udmazdı.

-Yığmamızın xarici görüşlərində dəfələrlə olmusan. Futbolçularımız səni çox utandırıb?


- Başa düşmədim, necə yəni utandırıb?

-
Elə həqiqi mənada. Yəni uduzublar, sən də bir azərbaycanlı olaraq xəcalət çəkmisən.

- O məntiqlə hər dəfə utanmışam. Yadıma gəlmir ki, hardansa qalib qayıdaq... Yox, bir dəfə “Neftçi” futbol klubu hazırlıq oyununda keçən il Avstriyada "Beşiktaş"la 1-1 oynadı. Həmin oyunda komandamızla əməlli-başlı fəxr etdim. "Beşiktaş" kimi ulduzlardan ibarət bir komanda son dəqiqələrdə “Neftçi”dən birtəhər canını qurtardı. Yəni hesabı bərabərləşdirdi. Bir bu oyunu xatırlayıram. Qalan yadıma gəlmir ki, hansısa oyunda qalib gələk və yaxud da ən azı heç-heçə edək. Hara getmişik uduzub qayıtmışıq.

- Ən biabırçı məğlubiyyətimiz hansı komanda ilə olub?

- Ən biabırçı məğlubiyyət sonuncu Belçika səfərində oldu. Bu barədə “Kökaltı” verilişində də demişəm, o qədər utanırdım ki, yer ayrılsaydı, yerə girərdim. Çünki topla bizi döydülər, alçaltdılar. Doğrudan da, futbol baxımından bizi sındırdılar.

-
Bizdən zəif komanda yoxdu? Heç ümid yoxdu ki, hansısa komandaya qalib gələk?

- Bu yaxınlarda, iyunun 3-də Qazaxıstan yığması ilə oyun var, çox zəif komandadır. Ümid edirik ki, heç olmasa, Qazaxıstandan yaxşı nəticə ilə qayıdacaqlar. Yaxşı nəticə deyəndə, mən qələbə nəzərdə tuturam. Yəqin bu müsahibəni kimsə oxuyacaq, futbolçular fikirləşməsinlər ki, heç-heçə də yaxşı nəticədir. Qazaxıstandan qələbədən başqa nəticə qəbul etmirəm! Əgər Qazaxıstana biz orada qalib gəlməyəcəyiksə, Berti Foqtsa buradan səslənirəm, Azərbaycana gəlməsin! Elə oradan bilet tapıb birbaşa Almaniyaya getsin. Qazaxıstanı udmasaq, gərək ölək yerə girək. Azərbaycanda futbolun kökünü kəsib sıfırdan başlamaq lazım gələcək. Bəlkə indiki yeniyetmələr 3-4 ildən sonra bəlkə nə isə nəticə əldə edələr.

-
Nə yaxşı ki, bu utanclıq Ermənistan səfərində qismət olmadı. Cudoçularımız bizi utandırmadı.

- Bu səfər çoxdan olub, 2009-da. Bu haqda çox danışmışam.

-Hər halda adi səfərlərdən biri deyildi, düşmənlərimizin içinə getmişdiniz.


- Əslində ora da bizim Vətəndir. Oralar tarixən İrəvan xanlığı olub, indi Ermənistan eləyiblər. O ki qaldı səfərə, doğrudan da fəxr olunası bir səfər idi. Hər gün uğur qazanırdıq. 5 idmançının 5-də hər gün medal qazanırdı. Hər gün qələbə qazanırdıq, hər gün Azərbaycan bayrağı qalxırdı. Hər gün də ermənilər partlayırdılar, bilmirdilər nə etsinlər. Doğrudan da qısqanclıqla yanaşırdılar. Cəmi 14 nəfər Azərbaycanlı ermənilərin içində istədiklərini etdilər, getdilər.

- Dağlıq Qarabağdakı separatçıların bayrağının sancıldığı mikroavtobusa təkcə sən etiraz etdin.

- İdmançılarımızın ikisi artıq mikroavtobusa oturmuşdular. Sadəcə fikir verməmişdilər, diqqətlərindən yayınmışdı. Amma operatorumuz Azər Qarayevlə avtobusa yaxınlaşanda dərhal ona dedim ki, maşında qondarma Dağlıq Qarabağın bayrağı var, nə isə eləmək lazımdır. Nümayəndə heyətinin rəhbəri Elşad müəllim hələ mikroavtobusa yaxınlaşmamışdı, bayrağı görməmişdi, məsələni ona dedim. Və tələb etdik ki, bayraq götürülsün. Hətta çempionatın açılış günü zalda da o bayraqdan var idi. Bu dəfə bizim tələb etməyimizə ehtiyac olmadı, ermənilərin özlərinin təhlükəsizlik xidmətinin əməkdaşları bayrağı dərhal yığışdırdılar. Artıq bilirdilər ki, azərbaycanlılar bu bayrağı görmək istəmirlər.

-
Avtobusda bayrağı görəndə dərhal etiraz etməsəydiniz, yəqin ki, heç zaldan da çıxarmayacaqdılar.

- Düzdür, bayrağı ilk olaraq mən gördüm. Amma mən də görməsəydim. Elşad müəllim və yaxud da başqaları görəcəkdi. Mən bu hərəkətimi qəhrəmanlıq kimi qəbul etmirəm. Sadəcə bir vətəndaş borcum idi. Bədxahların, işğalçıların mənim ana Vətənimdə, ana torpağımda qurduğu qondarma bir ölkənin bayrağının olduğu bir mikroavtobusa minməyə ən azından mənəvi haqqım yox idi və mən bunu tələb etməliydim. Vəssalam. Mən olmasam da, fərqi yoxdu. Əli və yaxud da Vəli, hər bir azərbaycanlı bunu etməliydi!

- Biz başqa variantı qəbul etmirik. O bayrağı elə Azərlə sən görməliydiniz və etiraz səsini də məhz siz çıxarmalıydınız,
necə ki çıxardınız da. Bu, ANS-çilərin qanında, canında var. Hara gediriksə, harada oluruqsa gözümüz nə isə axtarır.

- Düzdür, ANS-in ruhu vətənpərvərliklə yoğrulub. Bəzən dostlarla, tanışlarla oturub söhbətləşib, fikir mübadiləsi apardıqda mən nə isə fikir söyləyəndə, o dəqiqə deyirlər ki, “buna bax, yenə ANS-çiliyi tutdu”. Allaha and olsun, o sözlə elə fəxr edirəm ki! Mən demirəm ki, ömrümün axırınadək ANS-də qalacam. İstisna olunmur ki, sabah mən ANS-də olmayacam. Həmçinin istisna olunmur ki, əbədiyyən ANS-də olacam. İstənilən halda ANS-çi olaraq öləcəm və öləndən sonra da ANS-çi olacam. ANS-çilik insanın qanına, canına hopur. Çünki, mənim ilk iş yerim bura olub. Əvvəl qəzetlərdə, başqa televiziyada işləmişəm. Amma onları iş kimi qəbul etmirəm. Çünki mən o vaxt öz boşqabımda deyildim.

-Neçə ildir ANS-çisən?


- 9 ildir. 2002-ci ildən ANS-dəyəm. Fərqi yoxdur, harada oluramsa olum, mən ANS-çi olacam!

- İdmançılarımızla olduğun səfərlərin hansından daha çox fəxarət hissi ilə qayıtmısan?

- Ermənistandan. Haradasa 10-12 ölkədə, 25-30 şəhərdə olmuşam. Getdiyim yerlərdən ilk səfər kimi Portuqaliya səfərim yadda qalıb. Ermənistanda isə İrəvanın göbəyində ermənilərə sözün həqiqi mənasında sillə vurmuşduq. Elə bir sillə ki, hələ də yadlarından çıxmayıb və Bakıda keçirilən yarışlarda əllərindən gələni edirlər ki, onların idmançıları da həmin uğuru təkrarlasın. Hələ onlar buna müvəffəq olmayıblar, yəqin ki, bundan sonra da bacarmayacaqlar.

-Gündüz, bu müddət ərzində yetərincə tanınmısan. Özünü ulduz hesab edirsən?

- Yox, yox, əstəğfurullah.

- Bəs internetdə şou-biznes ulduzlarının adları olan “Ulduzların oxuduğu məktəblər” siyahısına necə düşmüsən?

- Ən xoşlamadığım şeydir. Bilmirəm onu kim yazıb, haradan yazıb, niyə yazıb? Yəni, o siyahıda olmağımı istəməzdim.Mən şou-biznesdən tamamilə kənar bir insanam. Demirəm ki, onlar pisdirlər, sadəcə xasiyyətimdə, daxilimdə şou-biznesdən əsər-əlamət yoxdur. O siyahıda olanların çoxu bizim dostlarımızdır. Amma mən heç vaxt o siyahıda olmaq istəmərəm, heç vaxt şou-biznes adamı ola bilmərəm, heç vaxt!

-"Fənərbaxça"nın azarkeşi olduğunu bildik. Bəs yığmalardan hansına azarkeşlik edirsən?

- Azərbaycanın milli komandasına.

- Oynaya bilməsək də, milli yığmamıza hamımız azarkeşlik edirik. Xarici ölkələrin yığmalarını nəzərdə tuturuq.

- İtaliya yığmasının dəlisiyəm. Hətta o dərəcədə dəlisiyəm ki, onların himnini əzbərləmişdim, tarixini öyrənmişdim. Və son 5-6 ildə italyanları sevdiyim qədər ispanları da sevməyə başladım. Artıq onların da himnini, atributlarını, tarixini öyrənirəm. İspan dilini öyrənməyə başlamışam. İtalyanlara olan sevgimdən italyan dilini öyrənməyə cəhd elədim. Gördüm yox, vaxt azlığından alınmır. Amma ispan dilini öyrənməkdə həyat yoldaşım mənə kömək olur. Çünki o, ispan dilini təmiz bilir və imkan düşdükcə evdə mənə dərs keçir.

- Həyat yoldaşından söz düşmüşkən, ANS-də rastlaşmısınız, yoxsa əvvəldən tanış idiniz? (Gündüzün həyat yoldaşı ANS-in əməkdaşı İntizar xanımdır-red.)

- ANS-dən tanımışam. Daha doğrusu ilk dəfə onu hərbi xidmətdə olanda efirdən görmüşəm. O, mən hərbi xidmətdə olanda ANS-ə gəlib. Hətta bizim gizirimiz var idi, hər gün gəlib gileylənirdi ki, “Bu qız kimdi axı efirə çıxarıblar? Aparıcı kimi bəyənmirəm”. Heç mənim ağlıma da gəlməzdi ki, belə bir şey olacaq. Əsgərlikdən qayıtdım və işə çıxdığım ilk günün gecəsi Çempionlar Liqasında futbol var idi. Bir qız mənə yaxınlaşdı ki, “Sizdən müsahibə almalıyam. Bəs axşam futbol var, o haqda danışmalısan”. İlk tanışlığımız belə oldu və artıq bir qızımız var.

- Allah saxlasın. Qızının adı nədir?

- Banu. Demişdim oğlum olsa, "Fənərbaxça"nın bir futbolçusu var, Tuncay, onun adını qoyacam. Qız olduğundan yeni ad axtardım. Məlum oldu ki, "Fənərbaxça"da Banu adında basketbolçu xanım var. Həm də bəyəndiyim ad olduğundan qızıma bu adı verdim. Hətta onu doğum evindən "Fənərbaxça"nın geyimində, "Fənərbaxça"nın odeyalına büküb çıxarmışam. Evdə "Fənərbaxça"nın formasını geyindirirəm. Ata-bala evdə "Fənərbaxça"nın formasında gəzirik. Artıq "Fənərbaxça"nın marşını tanıyır, bilir və eşidən kimi əllərini qaldırıb oynayır.

- Yaşyarımlıq qız uşağını nə günə qoymusan?

- Belə olmalıdır. "Fənərbaxça"dan başqa komandaya azarkeşlik eləsə, indidən deyirəm, haqqımı halal eləmərəm.

- Sən məsələni şişirdirsən?

- Yox, şişirtmirəm. Mən "Fənərbaxça"nın dəlisiyəm, "Fənərbaxça" ilə yatıram, "Fənərbaxça" ilə oyanıram. Birinci sevgilim "Fənərbaxça"dır, təbii ki, Allahdan sonra.

- Gündüz, artıq 10 ilə yaxındır idman jurnalistisən...

- Düz 11 ildir.

- Lap yaxşı. Peşəkar idman şərhçisi kimi sənə bir sualımız var, biz azərbaycanlılar idmanın hansı növündə birinciyik və niyə?

- Döyüş növlərində. Çünki biz fərdiyyətə üstünlük verən bir millətik. Mənəm-mənəmliyimiz var, bizdə eqo yüksək səviyyədə inkişaf edib. “Mənəm, məndən başqası yoxdur” fikirləşənimiz çoxdur. Hətta bir misal var, “Burda mənəm, Bağdadda kor Xəlifə”, tam bizə aiddir. Ona görə də biz kollektiv idman növlərində uğur əldə edə bilmirik. Kollektiv idman növlərindən voleybolda, otüstü hokkeydə uğurlarımız olub. Amma gəlin baxaq görək, o komandalarda kimlər oynayır? Düzdür, hamısı Azərbaycanda doğulub, böyümüş insanlardır, amma milliyətcə rusdurlar.

Amma cüdoya, güləşə, karateyə, kinq-boksinqə, boksa, taekvandoya nəzər salsaq görərik ki, uğur qazanmışıq. Məsələn, cüdonun vətəni Yaponiyadır, Yaponiyadan sonra ikinci yerdə Azərbaycan durur. Taekvandonun vətəni Koreyadan sonra ikinci yerdə yenə Azərbaycandır. Güləşin vətəni Azərbaycandır, elə birinci yerdəyik. Demək istədiyim budur ki, biz əlbəyaxa döyüş növlərində bütün dünyanın mənəm-mənəm deyən ölkələrinə, hətta o döyüş növünü yaradan ölkə ilə başa-baş gəlirik. Biz bunu bacarırıq, biz döyüşməyi fərd olaraq bacarırıq. Döyüşməyi bacaran bir millət kimi, nə vaxtsa bizə əlimizdə silah Qarabağda döyüşmək qismət olacaq və ermənilərə rinqdə, yarış meydançalarında göstərdiyimiz gücümüzü bu dəfə hərb meydanında göstərəcəyik. Və düşünürəm ki, onları yerində oturmağın vaxtı gəlib çatıb!




Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi