Modern.az

Həbsdə olan sahibkarın ailəsi dövlət başçısına müraciət etdi  

Həbsdə olan sahibkarın ailəsi dövlət başçısına müraciət etdi   

Aktual

18 İyul 2017, 18:12

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azadxan Xanməmmədovun qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva iştirak edib. A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, mətbuat konfransının məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatı, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etməkdir:

"Öncə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya azad sahibkarlığın inkişafı üçün yaratdıqları şəraitə görə öz təşəkkürümüzü bildiririk. Cənab Prezident və birinci vitse-prezident hər zaman öz humanistlikləri ilə seçiliblər və bütün məsələlərə düzgün və ədalətli qiymət veriblər".

 

A.Xanməmmədovun daim qanunlara əməl etdiyini bildirən C.Yusifov müdafiə etdiyi şəxsin iş adamı F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edildiyini vurğuladı:

"A.Xanməmmədovun əsas məqsədi xüsusi mülkiyyətində olan 2100 kv.m. sahənin F.Seyidov tərəfindən ələ keçirilməsinin qarşısını almaq olub. Belə ki, F.Seyidov mülkiyyətimizdə olan əmlakdan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və müvafiq orqanlara etdiyimiz müraciətlərə baxmayaraq, F.Seyidov tələblərimizə məhəl qoymur və ondan şikayət etməmək üçün ailəmizi hədələyir, müxtəlif yollarla təzyiq göstərir".

 

Vəkilin sözlərinə görə,  A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş 4 əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib:
"Faiq Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakların yerləşdiyi binada təxribat törədəcəyini və ailəmizi hədələyərək hamımızı zindanlarda çürüdəcəyini bildirmişdir. Azadxan müəllim isə əmlakların onun adına olmasından, həmin əmlakların yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən və bu təxribat nəticəsində sadə insanların zərər çəkməməsindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə Riyad Mühafizə Xidməti ilə yalnız obyektin mühafizə olunması məqsədilə qanuni şəkildə müqavilə bağlamışdır. Bir daha qeyd edirik, müqavilə tam əsaslı və qanuni şəkildə bağlanıb və qanunvericiliyin bütün tələblərin müqavilənin bağlanması zamanı təmin edilib. Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirilməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdaşları tərəfindən Mühafizə Xidmətinin işçilərinə qarşı əvvəlcədən planlaşdırılmış provokasiya xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılmış və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan Azadxan müəllimi şərləyərək həbs etdirməklə niyyətlərinə nail olmuşdurlar. Faiq Seyidov öz niyyətinə çatdıqdan sonra sifarişlə hadisədə heç bir iştirakı olmayan  Azadxan müəllim barəsində cinayət işi qaldırmış və 3 ay müddətində həbs qətimkan tədbiri verdirmişdir. Heç bir təqsiri olmayan şəxs barəsində cinayət işinin başlanmasında əsas məqsəd isə əmlakımızı əlimizdən almaqdan ibarətdir. Yəni hər hansı ödəniş etmədən, qanuni şəkildə müqavilə bağlamadan, yalnız şər və böhtan xarakterli hərəkətlər edərək böyük məbləğli obyektləri təzyiq göstərərək öz əlinə keçirib, varlanmaqdır. Bizdə və fikrimizcə Sizdə də bu şəxsin kimlərə arxalanaraq bu cür qanunsuzluqlara yol verdiyi və heç kimdən və heç nədən çəkinməyərək açıq-aşkarına əmlakımızı adına keçirtməkdən ötrü halal əziyyəti ilə qazanmış əmlakın sahibini şərləyərək həbs edilməsinə nail olması, qanunların aliliyinə məhəl qoymaması böyük sual doğurur və həmin şəxslərin aşkarlanmasına zərurət yaradır.

 


Vəkil hazırda işlə bağlı istintaq getdiyini,  qanunlarına arxalandıqlarını bildirib. Vəkil əlavə edib ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb:
"Yuxarıda qeyd olunanlar bir daha Xanməmmədov Azadxan Allahqulu oğlunun niyyətinin obyektin girişində münaqişə yaratmaq deyil, sadəcə hazırlanacaq təxribatların qarşısını almaq və mühafizənin hansı formada təşkil edilməsi barədə mühafizə xidmətinin əməkdaşlarına məlumat verməkdən ibarət olmuşdur. Həmçinin, bildirirəm ki, qarşı tərəfin mediyaya təqdim etdiyi video görüntülərdə Xanməmmədov Azadxan Allahqulu oğlunun baş vermiş münaqişədə iştirakı öz təsdiqini tapmamış və çoxsaylı müraciətlərə baxmayaraq həmin video görüntülərin tam şəkildə təqdim edilməsi təmin edilməmişdir. Həmin video görüntülərin tam şəkildə təqdim edildiyi halda Xanməmmədov Azadxan Allahqulu oğlunun qeyd olunan münaqişədə ümumiyyətlə günahının olmadığını sübut edəcəyi səbəbindən qarşı tərəf qeyd olunan video görüntüləri bu günədək mediyaya təqdim etməmiş və bununla da, mediyada və ictimaiətdə yalnış fikir formalaşdıraraq istintaqın gedişatına dolayısı yolla təsir göstərmişdir. Həmin görüntüləri tam əldə etdikdən sonra Azadxan müəllimin həmin münaqişədə iştirakının olmamasına, Azadxan müəllim tərəfindən münaqişənin yaranması üçün hər hansı hərəkətlərin atılmamasına, buna şəraitin yaradılmamasına bir daha əmin ola bilərsiniz".

 

C.Yusifov bildirib ki, müdafiə etdiyi şəxs həbs edildikdən sonra F.Seyidov əmlakın ona verilməyəcəyi təqdirdə A.Xanməmmədovun daha ağır maddələr ilə ittiham olunacağı ilə hədələyir.

 

Mətbuat konfransında iştirak edən sahibkarın ailə üzvləri A.Xanməmmədovun ağır ürək xəstəsi olduğunu bildiriblər. Azadxan Xanməmmədovun həyat yoldaşı Əsmər Fətullayeva bildirib ki, bu barədə birinci vitse- prezident Mehruban xanım Əliyevaya da müraciət edib. O, səhhətilə əlaqədar həbsxanada olan həyat yoldaşının həyatının təhlükədə olduğunu vurğulayıb.

 

Sonda A.Xanməmmədovun ailə üzvləri Prezident İlham Əliyevə müraciət edərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş ediblər: "Başqa əlacımız yoxdur. Son ümüdümüz yalnız başda cənab Prezident İlham Əliyev olmaqla, ölkə rəhbərliyinə və Sizədir hörmətli media nümayəndələri. Bir daha qeyd edirik biz qanunu sevən və hər zaman onu icra edən insanlarıq. Bizim xahişimiz ondan ibarətdir ki, kritik ürək xəstəliyi olan Xanməmmədov Azadxan müəllimin hazırda həbs qətimkan tədbiri ev dustlaqlığına dəyişdirilsin və istintaq tam qanuni şəkildə düzgün aparılsın. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk və Sizə çox inanırıq".

 

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal