Soyadların milliləşdirilməsi məqsədilə Nazirlər Kabinetində Milli Elmlər Akademiyası yanında Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın hazırladığı yeni seçim sisteminin müzakirələri davam edir.
Yeni sistemə əsasən, valideynin soyadını bildirən sözün kökünə və ya soyad üçün seçilmiş hər hansı bir sözə “-oğlu, -qızı“, “-lı, -li, -lu, -lü”, “-zadə” “-gil” və “-soy” şəkilçisi artırmaqla, yaxud da heç bir şəkilçi əlavə etmədən soyadlarda dəyişiklik etmək olacaq.
Bir çox millətlərin dünyada məhz soyad sonluqlarına görə tanınmasını nəzərə alan mütəxəssislər komissiyanın təklif etdiyi variantların çoxluq təşkil etdiyini, lakin bunun Azərbaycanın tarixən soyad mədəniyyətinə malik olması və bu ənənəni davam etdirməsi ilə əlaqələndirirlər. Soyadların dəyişdirilməsi üçün təklif olunan variantların yeni doğulanların soyad seçimi zamanı nəzərdə tutulması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.
Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsindən verilən məlumata görə müstəqillik illərindən bəri Azərbaycanın yarım milyondan çox vətəndaşı soyad sonluğunu milliləşdirib. Bundan başqa, komissiya ötən əsrin 50-ci illərdən sonra Azərbaycanda rəsmi qeydiyyatda olan ad və soyadlarla bağlı getmiş proseslərin statistikasını da aparıb. Belə ki, folklor və yazılı ədəbiyyatda olan, tarixi, coğrafi yerlərin adlarını əks etdirən, o cümlədən flora və faunadan götürülən insan adları toplanaraq ad və soyad bankı yaradılıb.
Modern.az