Modern.az

ZAMİN DURANDA, EHTİYATLI OLUN

ZAMİN DURANDA, EHTİYATLI OLUN

Aktual

15 May 2017, 12:24

İnsanlar imkanları çatmadığı amma arzuladıqları əşyaları kredit yolu ilə sahib olmağa öyrəşiblər. Hansısa bahalı əşyanı əldə etmək istəyi o qədər böyük olur ki, bəzən bu yolda fırıldaqçılıq edənlər də tapılır. Belə ki, bu yaxınlarda Bakı sakini, 54 yaşlı qadını qonşuları aldadıb onun adına kredit götürüblər. Hələ bu azmış kimi daha sonra krediti ödəməyib aradan çıxıblar. Biçarə qadını isə mağaza məhkəməyə verib, hər ay pensiyasının yarısını alır.

 

"İnsanlar bilməlidir ki, özləri üçün deyil, başqalarına kreditə əşya və s. götürəndə məsuliyyət onların üzərindədir”. Bunu Sherg.az-a 54 yaşlı qadının qonşuları tərəfindən aldadılıb adına kredit götürülməsindən danışarkən vəkil İradə Cavadova deyib. O bildirib ki, həmin xanım zamin durubsa, onun adına kredit rəsmiləşdirilməyib:

 

"Xanım ora gedib, imzanı atıbsa, kredit onun adına götürülübsə, təbii ki, həmin krediti ödəməli olacaq. Ola bilməz ki, kiminsə şəxsiyyət vəsiqəsi ilə kredit götürülsün və həmin şəxsin xəbəri olmasın. Bu, qeyri-mümkündür.

 

Həmin qadının 54 yaşı var, ağlı, başı da yerindədir. Əgər kirayəşinlər onu mağazaya aparıb, kreditə telefon götürürsə, xanım nəyə qol çəkdiyinə necə diqqət etməyə bilər? Balaca uşaqdan danışmırıq axı, 54 yaşlı xanımdan danışırıq. Bu şəxs bilməlidir ki, kredit kimin adına götürülüb”.

 

Mağazada çalışan əməkdaşlar həmin qadına bu barədə xəbərdarlıq etməli olduğunu qeyd edən İ. Cavadovanın sözlərinə görə, alıcıya və ya zaminlərə prosedurlar izah olunmalıdır:

 

"Həmin xanıma deyilməlidir ki, sənin adına müqavilə imzalanır, krediti ödəməlisən, üzərinə məsuliyyət alırsan. Ola bilsin, kirayəşin və ya qonşu qeydiyyatı olmadığını, onun adından istifadə etmək istədiyini deyib. Amma o getməməli idi. Ən azından soruşmalı idi ki, özünü hansı məsuliyyət gözləyir.

 

Mağazaların əməkdaşları sözsüz ki, belə məsələlərdə bəzən maraqlı olurlar. Onlar malın satılmasını, kreditin baş tutmasını istəyirlər. Amma onlar da məsuliyyət daşıyırlar. Əgər mağaza əməkdaşlarının məsuliyyətsizliyi var idisə, xanım istehlakçı haqlarına və ya hüquq-mühafizə orqanlarına zəng vurmalıdır. Şikayətini bildirməlidir ki, mənimlə kredit müqaviləsi imzalanıb, məni heç nə ilə bağlı xəbərdar etmədilər. Müqavilənin necə imzalandığını dəqiqləşdirmək üçün mağazanın direktorunu çağıracaqlar. Adətən bu prosesləri ciddi mağazalarda videokameralar mühafizə edir. Bəzən mağazalarda belə qanunsuzluğa yol verirlər. Amma onun rəhbərliyinin cəzalandırılması üçün şikayətçi olmalıdır. Dəlillər ortaya qoyulduqdan sonra məsələ aydınlaşacaq”.

 

Ekspertlər bildirirlər ki, nəinki başqası üçün kredit götürmək, heç zamin durmaq da məsləhət deyil. İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, zamin əslində bankdan kredit götürən şəxsin öhdəliyini bölüşür: “Zamin durmaq, borc öhdəliyini bölüşmək deməkdir. Bu baxımdan vətəndaşlar ehtiyatlı olmalıdırlar. Krediti götürən şəxs borcunu qaytara bilmədiyi halda, bütün borc öhdəlikləri onun üzərinə düşür. O baxımdan praktik olaraq, krediti götürən şəxs üçün nəzərdə tutulan bütün öhdəliklər zamin üçün də keçərlidir”.

 

Ekspertin sözlərinə görə, əgər zaminin həmin bankda hesabı varsa, kredit borcu ödənilmədiyi təqdirdə, bank məhkəmə qərarı olmadan borcu zaminin hesabından çıxara bilər: “Prosedur belədir ki, kredit qaytarılmadığı halda bank məhkəməyə müraciət edir. Məhkəmənin qərarı kreditin qaytarılması ilə bağlı olur. Məhkəmə qərar verir ki, həmin kredit ödənilsin və ya geri qaytarılsın. Bu zaman artıq kreditlərin geri qaytarılması ilə bağlı prosedurlar müəyyənləşdirilir ki, krediti kim qaytarmalıdır. Bu zaman zaminin əmək haqqından həmin kreditin tutulması ilə bağlı qərar qəbul edilə bilər. Əgər kredit ödəyən şəxs borcunu qaytara bilmirsə, bankda zaminin hesabı varsa, bank məhkəməyə müraciət etmədən pulunu götürə bilir. Çünki, müqavilədə qeyd olunur ki, kredit götürən qaytara bilməsə, zaminin hesabından çıxılacaq. Əgər zaminin hesabı yoxdursa, məhkəməyə müraciət edilir”.

 

Vüqar Bayramov hazırda minlərlə insanın məhz zamin olduğu üçün banklara kredit ödəmək məcburiyyətində qaldığını vurğuladı: “Çox təəssüf ki, bu gün Azərbaycanda zaminlərin sayı 1 milyon 300 minə yaxındır. Kredit götürənlərin sayı isə 2 milyon 500 min nəfərdir. Zaminlərin sayının çox olması o deməkdir ki, bəzi insanların zaminlik hüququnu bilmədən zamin durması, indi onlar üçün ciddi bir öhdəliyə çevrilib. Minlərlə insan var ki, görmədiyi, xərcləmədiyi krediti, sadəcə zamin durduğu üçün ödəmək məcburiyyətindədir”.

 

Bank-kredit məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki, zamin də elə borcluya bərabər bir şəxsdir: “Yəni, bank qarşısında zamin də borcludur. Ona görə də borc qaytarılmırsa, bank onu həm zamindən , həm də borcludan tələb edə bilər. Kimdən ala bilirsə, borcu alacaq, daha sonra borclu olan şəxs zamin qarşısında borclu sayılacaq. Zamin kredit götürəndən tələb edə bilər ki, onun yerinə banka ödənilən vəsaitləri qaytarsın. Bizdə əksər insanlar zaminlik müqaviləsinə qol çəkərkən başa düşmürdülər ki, bu, əslində borcdur və sabah gəlib səndən də borcu tələb edə bilərlər”.

 

Hüquqşünasın sözlərinə görə, borcluya qarşı tətbiq olunan tədbirlər zaminə qarşı da həyata keçirilə bilər: “Əmlakı məhkəmə qərarı ilə satışa çıxarıla bilər. Lakin əmlakı yoxdursa, ona qarşı hər hansı tədbir görülə bilməz. Lakin borclu ilə zamin arasındakı münasibətlər də qanunla tənzimlənir. Yəni, sonradan zamin kredit götürən şəxsdən pulunu tələb edə bilər və qarşı tərəf də borcunu ödəməlidir. Əlbəttə, əgər imkanı varsa... Bizə müraciət edən şəxslər var ki, hazırda işsiz qalıb və onun banka olan borcunu ona zamin durmuş keçmiş iş yoldaşı ödəyir. Lakin zamin ondan borcunu ala bilmir. Çünki, həmin şəxsin gəliri yoxdur və məhkəməyə versə belə, yenə də borcunu ala bilməyəcək”.

 

Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər