Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur islahatlarının nəticələrindən biri kimi, nazirliyin müvafiq bölmələrinin bazası əsasında Dövlət Sosial Təminat Xidməti və Sosial təminat siyasəti şöbəsi yaradılıb. Nazir Fizuli Ələkbərovun iştirakı ilə nazirlikdə keçirilən iclasda sözügedən yeni qurumların fəaliyyət prinsipləri və onların qarşısında duran vəzifələr geniş müzakirə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Fizuli Ələkbərov aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması sahəsində müasir tələblərə uyğun, effektli iş mexanizmlərinin qurulmasının, nəticə etibarilə əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu, nazirlikdə aparılmış struktur dəyişikliklərinin də bu istiqamətdə ciddi dönüş yaradacağına əminliyini bildirib.
İclasda Dövlət Sosial Təminat Xidmətinin və Sosial təminat siyasəti şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlər və sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılması üçün bir qədər öncə nazirlikdə QHT-lərdən ibarət yaradılan İctimai Şuranın tərkibi və iş mexanizmi haqqında məlumat verilib.
Qeyd olunub ki, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) və 600-dən çox vətəndaş cəmiyyəti institutunu özündə birləşdirən QHT Milli Forumunun nümayəndələrinin təmsil olunduğu Şurada artıq nazirliyin 4 fəaliyyət istiqaməti üzrə işçi qrupları yaradılıb. Yoxsul ailələrin aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmasına xidmət edən özünədəstək layihəsinin tətbiqi sahəsində görülən işlər və onların nəticələri barədə məlumat verilərək, bu yeni layihənin aztəminatlı ailələr tərəfindən maraqla və razılıq hissi ilə qarşılandığı vurğulanıb. Eyni zamanda, ölkədə həyat səviyyəsinin təhlili, həmçinin sosial yardım proqramlarının icrası sahəsində vəziyyətin öyrənilməsi məqsədilə Dünya Bankı tərəfindən 7000-dək ev təsərrüfatını əhatə edəcək yeni monitorinqə start verildiyi bildirilib.
İclasda nazir Fizuli Ələkbərov ilkin olaraq bir neçə rayonda sınaq işlərinin aparıldığı özünədəstək layihəsinin gələn ildən bütün ölkədə icra edilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsi, nazirliyin tabeçiliyində fəaliyyət göstərən və təmirə ehtiyacı olan sosial obyektlərin əsaslı təmiri və sosial xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqaməıtində göstərişlər verib. Həmçinin nazir yetkinlik yaşına çatmayan uşaqların sosial reabilitasiyasına diqqətin artırılması, Dünya Bankı tərəfindən aparılan yeni monitorinqə lazımı dəstək verilməsi, həyata keçirilən tədbirlər barədə əhalinin daha geniş məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanması, ictimaiyyətlə əlaqələr sahəsində işlərin gücləndirilməsi, bu sahədə fəaliyyətin daha effektli təşkili barədə də tapşırıqlar verib.
Modern.az