Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Yevda Abramov, Mixail Zabelin, Ceyhun Osmanlı, Rasim Musabəyov və Asim Mollazadə “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda keçiriləcək forumda iştirak etmək üçün mayın 17-dən 20-dək Rusiyanın Həştərxan şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, forum çərçivəsində plenar iclas və dörd dəyirmi masa keçiriləcək. Azərbaycan parlamentinin komitə sədri Z.Səmədzadə plenar iclasda çıxış edəcək, həmçinin “Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığında infrastruktur layihələri (nəqliyyat, energetika, rabitə, telekommunikasiya)” mövzusuna həsr olunan dəyirmi masada moderatorluq edəcək.
Deputatlarımız regionlararası müstəvidə ölkələrimizin iqtisadi, maliyyə və humanitar sahələrdə əməkdaşlığının perspektivlərinə, həmçinin Xəzərdə strateji əməkdaşlığa dair dəyirmi masalarda yaxından iştirak edəcək, müzakirələrdə ölkəmizin mövqeyini bildirəcəklər.
Forum iştirakçıları Həştərxan şəhərində ümummilli lider Heydər Əliyev adına parkın açılışında iştirak edəcək, regionlararası sənaye innovasiyaları sərgisinə baxış keçirəcəklər.
Modern.az