Modern.az

QƏNAƏTCİL OLMAĞI ÖYRƏNƏK

QƏNAƏTCİL OLMAĞI ÖYRƏNƏK

7 May 2017, 16:07

Pula qənaət etmək bir mədəniyyətdir. Təbii ki, hər bir insan öz tələbatını ödəmək üçün gəlirinin müəyyən hissəsini istehlak edir. İstehlakın səviyyəsi və strukturu insan həyatının keyfiyyətinə və tərzinə təsir edir. Bununla belə, istehlakla yığım arasında müəyyən bir tarazlıq saxlanılmalıdır.

İnsan yığım etməyi bacarmalıdır. Çünki bu, onun gələcək maddi təminatına əhəmiyyətli dərəcədə təsir edəcək.

 “İlk növbədə yığıma vərdiş et!”

 Əmək haqqı və ya təqaüdü aldıqda əvvəlcə yığım haqqında və yalnız bundan sonra pulu hara xərcləyəcəyiniz barədə düşünün. Çünki, xərclənən pullar geri qayıtmır. Bu səbəbdən yalnız yığdığınız pullar sizə gələcəkdə gəlir gətirə bilər. Pul yığımına başlamağın ən sadə üsulu gündəlik xərclərdən qənaət etmək yollarını axtarıb tapmaqdır.

İnsanlar 2 yığım forması arasında seçim edə bilərlər: evdə yığılıb saxlanılan (sandıqda, pul daxılında və s.) pullar və bank depozitləri (müddətli əmanətlər). Onlar arasında əsas fərq yığılan pulun nə qədər artması və itkisiz olması ilə bağlıdır. Əgər yığdığınız pulu evdə saxlasanız bu pul sizə gəlir gətirməyəcəkdir. Bundan əlavə, pulun evdə saxlanması onun bankda saxlanmasından daha risklidir. Əmanət hesabı açdığınız təqdirdə isə əmanətinizin məbləği faiz gəliri hesabına artacaqdır.

Əmanət – yığım məqsədilə bankdakı əmanət hesabınıza qoyduğunuz pul vəsaitidir. Faiz – sizin pulunuzdan istifadə etdiyinə görə bankın sizə ödədiyi kompensasiyadır. Hesab edin ki, öz pulunuzu banka borc verirsiniz, bank isə bunun müqabilində sizə faiz ödəyir. Faiz gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik və əmanət üçün müəyyən edilmiş müddətin sonunda götürmək imkanı vardır. Faiz gəlirləri əmanətinizin məbləğini artırır. Banklar isə depozit hesablarında olan pulları başqa şəxslərə (müştərilərə) borc vermək üçün istifadə edirlər.

Faiz dərəcəsi – bankın sizə müntəzəm olaraq ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin əmanətinizin məbləğinə olan nisbətidir. Faiz dərəcəsi həmişə faiz (%) ilə və illik əsasda ifadə edilir

Əgər bank müddətli əmanət üzrə sizə müəyyən bir faiz dərəcəsi vəd edibsə, onda əmanətin müddəti başa çatana qədər bank, bu faiz dərəcəsini dəyişdirə bilməz. Faiz iki üsulla hesablana bilər: sadə faiz və mürəkkəb faiz. Sadə faiz hesablandıqda əmanətin başlanğıc məbləği baza kimi götürülür. Mürəkkəb faizin hesablanması zamanı isə əmanətin faizlə birlikdə yaranmış məbləği baza kimi qəbul edilir

Ən sadə əmanət növü – müddətsiz əmanətdir. Bu əmanətin müddəti yoxdur və siz pulunuzu istədiyiniz vaxt əmanət hesabınızdan götürə bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər məhz belə bir hesaba köçürülür. Lakin, bu əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq aşağıdır. Bu səbəbdən yığdığınız pul üçün əmanətin digər növü olan müddətli əmanət hesabından istifadə edə bilərsiniz. Əmanət qəbul etmək hüququ olan bankda müddətli əmanət hesabı açdırmaq mümkündür. Pulunuzu hesabınıza köçürürsünüz, sonradan isə onu və ya faizləri, bilavasitə bankdan alır, yaxud da bankomat vasitəsilə istifadə edirsiniz.

Əmanət bir vasitədir, çünki insanlar üçün əmanət hesabı açmaq hüququna malik olan Azərbaycan bankları Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvləridir.

Bank müflis olduqda Fond, bu bankdakı 12 %- dən çox olmayan faizlə yerləşdirilən əmanətlərinizin 30.000 manata qədər olan hissəsini sizə geri qaytaracaqdır. Nəzərə alın ki, qanunvericiliklə gələcəkdə bu rəqəmlər dəyişə bilər. Odur ki, əmanəti banka qoyduğunuz və ya əmanət müqaviləsinin vaxtını uzatdığınız tarixdə bu rəqəmləri bankdan bir daha öyrənin.

Amma ola da bilər ki, insanlar banklara etibar etməsin və Pulu evində yığıb saxlamaq istəsin. Amma buna da vərdiş etmək lazımdır. Amerikan multi-milyonçularından biri belə deyib: “Müasir insanın başlıca səhvi ondadır ki, o, hələ uşaqlıqdan bəri belə düşünür ki, qənaət etmək pis bir şeydir. Alış-verişdən isə həmişə həzz almaq olar”.

Məhz bu cür düşüncə tərzi isə insanları boş, mənasız məsrəflərə təhrik edir və onlara həmişə pul çatışmır. Buna görə də qənaətcil olmağı öyrənmək lazımdır. Bunun üçün aşağıdakı məsləhətlərdən yararlanmaq olar:

 

1. Kredit kartından az istifadə edin, nağd pula üstünlük verin. Sırf psixoloji nöqteyi-nəzərdən pulu əldən  xərcləmək daha çətindir, nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan.

 

2. Brendlərə qarşı münasibətiniz dəyişin. Siz yalnız konkret  bir “super-puper” brend malı almaq istəyirsiniz. Amma onu da bilin ki, “Leyblomaniya” (etiket maniyası) çox reklam olunan brendlərdən asılılıqdan başqa bir şey deyil. Adətən istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb olur. Bu gün elə bir məhsul yoxdur ki, o Çində istehsal olunmasın və tamamı ilə mümkündür ki, həmin brend məhsulunun daha ucuz alternativi var və keyfiyyət fərqi isə heç də böyük deyil.

 

3. Çalışın ki, əməkhaqqını aldığınız gün, və ya əlinizə böyük bir məbləğdə pul gəldiyi gün heç nə almayasınız. Düzdür, böyük pullar adama baş gicəllənməsi gətirir, adama elə gəlir ki, əlində pul olanda nə istəsə edə bilər, lakin bu hiss sonda sizinlə çox pis zarafat edər. Almalı olduğunuz ən vacib şeylərin siyahısını yazın. Özünüzə söz verin ki, başqa nə almaq istəsəniz, onu axıra saxlayacaqsınız, yəni əvvəlcə prioritet siyahıda olan şeyləri almalısınız. Bir qayda olaraq həmin ana qədər eyforiya hissi artıq adamı tərk etmiş olur.  Onda pulun bir hissəsini hətta kənara da qoymaq olar.

 

4. Özünüz üçün peşəkar hədəf müəyyənləşdirin və mütəmadi olaraq həmin hədəfə çatmaq üçün müəyyən məbləğdə vəsait ayırın. Unutmayın ki, bu, sizin peşəkar inkişafınız üçün lazımdır. Aydındır ki, siz işinizi nə qədər effektiv icra etsəniz, gəlirləriniz də bir o qədər artıq olacaq. Düzdür bu heç də həmişə belə olmur, amma istisnalar qanunu inkar etmir.

 

5. Lap çox xəsislik etməyin. Qənaətcillik ilə bağlı bir məqalə üçün bir az paradoksal məsləhət kimi görünə bilər. Amma ataların bir məsəli var: Xəsis iki dəfə xərcə düşür.Yəni, özünə qarşı həddindən artıq sərt davranmaq olmaz. Belə məqamda irəli düşmək istədiyiniz halda, geriyə getmiş olarsınız. Bir az qənaət etmək əvəzinə, özünüzü qınaya-qınaya, həm də əsəb pozuntusu qazanarsınız. Hər əmək haqqı alanda özünüz üçün «elə-belə» xərclik pulu ayırın. Hərdən-bir isə ay ərzində qənaət edilmiş məbləğdən özünüzə «mükafat» da təyin edə bilərsiniz.

 

6. Gəlirlərin və çıxarların hesabını aparın. Bu məsləhətin bəlkə də bir neçə min il yaşı var, lakin o, hələ də öz aktuallığını itirməyib. Sadəcə bir dəftər götürmək və hər günün sonunda öz xərclərini kateqoriyalar üzrə bölüb yazmaq lazımdır. Pul alanda isə onları gəlir bölməsinə yazmaq və hər ayın sonunda «nə qədər pul getdiyini» hesablamaq olar.

 

7. İstənilən məhsul və malları yalnız siyahı əsasında alın, dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Belə də siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur. «70% endirim» kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar sadəcə öz anbarlarında qalmış mallarını «müştərilərə sırıyır» və bununla da qazanc əldə edirlər.

 

8. Pulu necə xərcləyəcəyiniz barədə əvvəlcədən düşünün. Pulu daha effektiv xərcləmə yollarını müəyyən edin. «Nə vaxt pulum olar, onda da bu haqda düşünürəm» -demək lazım deyil.  Təəssüf ki, statistika göstərir ki, lotereyada pul udmuş və ya böyük bir məbləği miras kimi almış insanların əksəriyyəti qısa zaman kəsiyində həmin puldan məhrum olurlar, çünki onlar pulu necə xərcləməli olduğunu bilmirlər. Yəni, pula qənaət etməyi və onu idarə etməyi öyrənmək lazımdır.

 

9. «Qara gün üçün» pul ayırın. Gələcəkdə nə baş verə biləcəyindən xəbərdar olmaq insana lazım deyil, hər şeyə hazır olmaq qeyri-mümkündür. Amma bəzi maddi çətinliklərdən sığortalanmaq olar. Çünki belə çətinliklər ilə üzləşəndə insanlar panikaya düşür və üst-üstə böyük faizlər ilə çoxlu borc almağa başlayır.

 

10. Kiçik də olsa, öz biznesinizin olmasını istəməmisiniz? Məsələn özünüz düzəltdiyiniz bir şeyi başqasına satmaq və ya başqa bir adama bildiyinizi öyrətmək? Əlbəttə ki, təmənnasız yox, pul müqabilində. Məsələ ondadır ki, işgüzar adamın düşüncə tərzi, bədxərc insanın düşüncəsindən köklü şəkildə fərqlənir. Bu fərq nədədir? Elə hər şeydə. Inanın, bu o qədər də çətin deyil, sadəcə başlamaq lazımdır.

 

11.Əgər qazandığınız pul qarşılığında məcburi xərcləriniz həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin. Məsələn, kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları  həmişə mövcuddur.

 

12. Çalışın ən iri dükanlardan alış-veriş edəsiniz. Çünki alınan malın reklamına dükan tərəfdən pul qoyulmur və ona görə də bu mallar ucuz olur. Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur. Amma keyfiyyətinə söz ola bilməz.

 

13. Dükana getməzdən əvvəl evdə yaxşıca yeyin. Çünki psixoloqların fikrinə görə, insan ac mədəyə düşünülməmiş addım atır.

 

14.Ailədə qənaət ümumi büdcənin planlaşdırılmasından başlayır. Nəyə və nə qədər pul xərclədiyinizi bilmək mütləqdir. Növbəti variant isə məişətə evdar münasibətdir. Əgər ailə başçısı xarab olan kranı özü təmir edə bilirsə, nəyə görə santexnikə əlavə pul xərcləyəsiniz? Bundan əlavə, aylıq ödənişləri zamanında ödəməyi unutmaq olmaz. Bir faktı qeyd edək ki, ailə daxilində qənaət etmək üçün çoxlu sayda variantlar mövcuddur. Sadəcə olaraq bu variantlardan yararlanın!

 

15. Emosiyaları idarə etmək: İnsanın psixoloji vəziyyəti onun pullara münasibətinə birbaşa olaraq təsir edir. Nəzarətsiz qalan emosiyalar çox zaman düşünülməmiş alış-veriş etməyə vadar edir. Məsələn, bir çoxları pul xərcləməyi ən güclü antidepressant olaraq görürlər. Psixoloqların fikrincə, bu cür davranış pul xərcləyən şəxsin onu incidən şəxslərə öz üstünlüyünü göstərmək cəhdlərinin təzahürüdür. Bu isə son nəticədə pulların havaya sovurulmasına gətirib çıxarır. Bu səbəbdən də, əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edən strategiyalardan ən birincisi – pulları havaya sovuran gizli emosional amilləri idarə etməkdir.

 

16. Tərsinə hərəkət edin. Öncə qəbzləri ödəyib, sonra qalan pulu bir kənara qoymaq əvəzinə ilk əvvəl kənara qoyacağınız pulları ayırın, sonra xərcliyinizi planlayın.

 

17. 2-5 illik plan qurun. Qarşıdakı 5 il üçün maliyyə olaraq nəyi etmək istədiyinizi, (6 aylıq maaşı yığmaq, ev üçün nağd pul toplamaq) kimi planlar qurun.

 

18. Özünüzə qadağalar tətbiq edin.  Çox mühüm əhəmiyyət kəsb etməyən şeyləri almayın. Alış-veriş edərkən nəfsinizə hakim olun.

 

BİLİN: Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək incəsənət baxımdan gözəl pul xərcləməkdir. Və hər kəs bundan faydalana bilər. Siz də  zəngin şəxslər kimi yaşayın. Çox milyonerlər cah-cəlalsız, sadə həyat yaşayırlar. Hətta onları gündəlik görənlər valı olduqlarını heç düşünməzlər.

 

Əgər bu məsləhətlərə uzun müddət ərzində əməl edə bilsəniz deməli heç də hər şey itirilməyib və sizdə mütləq alınacaq. Ən əsası da qənaət etdiyiniz pullara istirahət və yaxud səyahət edə bilərsiniz.

 

Nə qədər pul qazandığınız önəmli deyil. Vacib olan qazandığınız vəsaitlərə qənaət etməyi bacarıb bacarmadığınızdır. Unutmayın ki, maliyyə rifahının əsas mənbəyi məhz qənaətcil olmaqdır.

 

Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama