Mayın 17-də Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edib. Prezident Çexiyalı həmkarını qarşıladıqdan sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev və Çexiya prezidenti Vatslav Klausun təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər.
Daha sonra prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Modern.az