Vitse-spiker Valeh Ələsgərovun rəhbərlik edəcəyi komissiya Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini araşdıracaq
Milli Məclis bu günkü iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini araşdırmaq üçün komissiya yaradıb. Modern.az parlamentdən xəbər verir ki, Milli Məclisin sədr müavini Valeh Ələsgərov komissyanın sədri seçilib. Əli Hüseynli, Azay Quliyev, Fərəc Quliyev, Asim Mollazadə, Aytən Mustafayeva, Səməd Seyidov isə komisisyanın üzvləri təyin olunub.
Komisisya Avropa Parlamentinin bu günlərdə ölkəmizlə bağlı qəbul etdiyi qətnamədə yer almış tənqidlərə cavab hazırlayaraq beynəlxalq quruma göndərəcək.
Qeyd edək ki, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasının plenar iclasında qurumun daxili nizamnaməsinin 122-ci bəndinin 5-ci paraqrafına uyğun olaraq Parlamentin Avropa Xalq Partiyası deputatları başda olmaqla, 5 siyasi qrup adından ümumi qətnaməyə təkliflər paketi müzakirə olunub.
Sənəddə ötən il Azərbaycanda keçirilən seçkilərə də toxunulub. Ölkədə demokratiyanın inkişaf etdirilməsi üçün bu seçkilərin hələ də tam şəkildə ürəkaçan olmadığı bildirilsə də, seçkilərin sakit bir şəraitdə keçirilməsi və bütün siyasi partiyaların prosesdə iştirakı müsbət qiymətləndirilib. Eyni zamanda bugünkü müzakirələrdə Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması Avropa Parlamentinin deputatları tərəfindən müsbət qiymətləndirilib.
Bununla belə sənəddə Azərbaycanda son dövrlər mitinqlərdə kütləvi həbslərin baş verməsi tənqid olunur, sərbəst toplaşmaq hüququnun bütün demokratik cəmiyyətlər üçün əsas amillərdən biri olduğu qeyd edilir.
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı məsələnin müzakirəsinə gəldikdə, bu məsələ ətrafında çıxış edən Avropa Parlamentinin üzvləri Azərbaycanda siyasi azadlıqlar sahəsində irəliləyişlərin olduğunu bildirsələr də, Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığını qeyd edib və Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıblar.
Sənəddə xüsusilə gənc fəallar Cabbar Savalan və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə, narkotik və ordudan yayınma ittihamıyla həbsi ittiham olunur, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi tənqid olunur.Bundan başqa Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırması ittiham olunur. Avropa Parlamentinin deputatları gənc fəallar Cabbar Savalan, Bəxtiyar Hacıyev və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevi azad etməyə çağırıb.
Onlar həmçinin Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verməyə çağırıblar.
Modern.az