Son illər Füzuli rayonunun işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərində təmizlik, səliqə-səhman, abadlıq-quruculuq işləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Horadiz şəhəri və digər yaşayış məntəqələrində bu yöndə görülən işlər ümumi görkəmi son dərəcə dəyişib. Artıq bu yerlərə gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, ən əsası təmizliyin şahidi olurlar.
Xüsusi ilə son 6 ildə rayon ərazisində, magistral və kəndarası avtomobil yolarının kənarlarında əkilən on minlərlə ağac, salınan park və xiyabanlar rayonun ekoloji təmizliyinə böyük fayda verməkdədir.
“Son altı il ərzində rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə on minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilib. Ötən altı il ərzində rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir”,-deyə İH-dən bildirilib.