Modern.az

ADU Avstriya Universiteti ilə müqavilə imzaladı

ADU Avstriya Universiteti ilə müqavilə imzaladı

Təhsil

17 May 2011, 13:23


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, universitetdə “Bakıda Avstriya ədəbiyyatı günləri” adlı ikigünlük tədbir öz işinə başlayıb. ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən  tədbirin açılış mərasimində ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç,  Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman, həmin institun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də  müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan azərbaycanli və xarici müəllimlər də iştirak ediblər.
Tədbir Azərbaycan və Avstriya Respublikalarının Dövlət Himninin səslənməsi ilə başlayıb.  
ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov Avstriya ədəbiyyatının rəhbərlik etdiyi universitetdə öyrənilməsinin tarixi ənənələrinin olduğunu bildirib. Dünya ədəbiyyatında Avstriya ədəbiyyatının özünəməxsus yeri olduğunu deyən S. Seyidov bu ədəbiyyatın  Azərbaycan ədəbiyyatı ilə oxşar cəhətlərinin  olduğunu diqqətə çatdırıb.  Ötən ilin yayından ADU-da Avstriya kitabxanasının fəaliyyət göstərdiyini bildirən rektor bu kitabxananın hər iki ölkənin ədəbiyyat nümunələrinin tərcümə edilməsində mühüm rol oynadığını vurğulayıb. Gənclərin almandilli ədəbiyyata böyük maraqla yanaşdığından danışan S.Seyidov bunun üçün ADU-da bütün mümkün imkanların mövcud olduğunu qeyd edib.
O, yaxın zamanda Avstriya universitetlərində Azərbaycan ədəbiyyatı günləri ilə bağlı konfransın keçiriləcəyinə ümidvar olduğunu bildirin.  
ADU-nun rektoru rəhbərlik etdiyi universitetin  ölkənin aparıcı ali təhsil ocaqlarından biri olduğunu dedi. S.Seyidov  bildirin ki, universitetdə yalnız Avropa ölkələrinin mədəniyyət mərkəzləri deyil, eləcə də Asiya dövlətlərinin mərkəzləri də  fəaliyyət göstərir.

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer –Kaybiç ADU ilə birgə işləməkdən zövq aldıqlarını bildirib. S.Mayer-Kaybiç  tədbirin  ölkələr arasında mədəni sahədə mövcud münasibətlərin daha da dərinləşməsinə tövhə verəcəyini vurğulayıb.

Daha sonra ADU ilə Avstriyanın Alpen-Adria Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  Müqaviləni ADU tərəfdən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova  qarşı tərəfdən isə Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman imzalayıb.

Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək  və elmi araşdırmaları inkişaf etdirməkdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular