Modern.az

Deputat Aliment Fondu yaratmağı təklif edib: "Qoy başlarının üstündə “Domokl qılıncı” hiss etsinlər"

Deputat Aliment Fondu yaratmağı təklif edib: "Qoy başlarının üstündə “Domokl qılıncı” hiss etsinlər"

Parlament

17 May 2011, 13:51

Modern.az saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında millət vəkili Elmira Axundova aliment verməli olan vətəndaşların bundan yayınması məsələsi barədə danışıb. Deputat aliment fondunun yaradılmasını təklif edib. Onun çıxışını təqdim edirik:
 
“Fürsətdən istifadə edərək bir vacib məsələni diqqətinizə çatdırmaq istərdim, bu da respublikamızda aliment verən şəxslərin alimentlərdən yayınma faktlarının həddindən çox olmasıdır. Mənə və digər deputatlara bu barədə çoxsaylı müraciətlər gəlir, özü də hətta məhkəmə qərarlarının olması işin həllinə, yəni aliment üzrə borcların qaytarılmasına köməklik etmir. Borclunun ya ünvanı məlum deyil, ya da o, maaşının cuzi hissəsini rəsmiləşdirir, qalanını qeyri-leqal formada alır və s. İcra məmurunun isə bu işdə maddi marağı olmadığından, o, çox vaxt alimentlə bağlı işlərə formal yanaşır və dərinə getmir.

Ona görə aliment borclarının qaytarılması prosesində dönüş yaratmağın bircə yolu var, o da dövlət tərəfindən xüsusi Aliment fondunun yaradılmasıdır. Bu fonda büdcədən müəyyən məbləğ verilir, bu və ya digər boşanmış qadın (söhbət əsasən xanımlardan gedir) məhkəmə yolu ilə aliment almaq hüququnu təsdiqləsə, lakin icrasına nail ola bilməsə, ona məhkəmə ilə müəyyən edilmiş məbləğ Fond tərəfindən verilir. Eyni zamanda Fonda da aliment verməkdən yayınan insanı axtarmaq, iş yerlərində yoxlama aparmaq, ondan alimenti almaq kimi geniş səlahiyyətlər verilir. Və ən əsası odur ki, Fondun işçiləri alimentdən yayınan insanların axtarışında və ondan pul alınmasında maraqlı olsunlar. Fond büdcəsinin bir hissəsi, məsələn işçilərin mükafatları, maaşlarına əlavələr və s. aliment borclarının yığılmasından asılı olmalıdır.

Burada müxtəlıf variantlar ola bilər, əsası odur ki, dövlət boşanmış, himayəsində bir, ya da bir neçə uşağı olan qadını öz problemləri ilə təkbətək qoymayacaq, ona vaxtında kömək əlini uzadacaq, alimentdən yayınan insan isə biləcək ki, vaxtında və tam həcmdə aliment vermək daha yaxşıdır, nəinki Fondun diqqətini cəlb etmək. Bu yaxınlarda Aliment fondu yaradılması haqqında Rusiya Dövlət Dumasına müvafiq sənəd təqdim edilib. Hesab edirəm ki, bizdə də buna oxşar bir qurum yaratmaq olardı, əsası odur ki, alimentdən yayınan insan öz başı üstündə daima “Domokl qılıncı” hiss etsin və tərk etdiyi ailə qarşısında məsuliyyəti daha dərindən anlasın”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj