İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bu gün keçirdiyi mətbuat konfransında “Eurovision”la bağlı danışarkən “Ermənilərin Bakıya gəlməməsinə təəssüf edərəm” deyib. O qeyd edib ki, gələn il “Eurovision” mahnı müsabiqəsində Ermənistan nümayəndəsinin Azərbaycana gəlib gəlməməsi haqda məlumatı yoxdur:
“Mən bu barədə o qədər də məlumatlı deyiləm, amma deyəsən erməni tərəfi bura gəlməkdən imtina edir. Mən sadəcə buna təəssüf edərəm. Çünki bu müsabiqə insanları hümanizmə çağıran müsabiqədir”.
İ.Ömərov jurnalistlərin Ermənistanı müsabiqəyə dəvət etmək sualına isə cavabında bildirib: “Biz ayrıca heç kimi dəvət etmirik. Yarışmanın qaydalarına uyğun olaraq, qaydalara əməl edən hər bir kəs qatıla bilər. Ayrıca heç bir kəsi dəvət etmək fikrimiz yoxdur”.
İsmayıl Ömərov eyni zamanda qeyd edib ki, gələn ayın 20-də Azərbaycanda müsabiqənin ilkin şərtləri ilə bağlı müzakirələr aparılacaq və bununla bağlı onlar Cenevrəyə gedəcəklər. ““Eurovision”un Azərbaycanda harda keçirilməsi və neçə keçirilməsi ilə bağlı ilkin müzakirələr olacaq”-deyə İ.Ömərov əlavə edib.
Daha sonra İ.Ömərov Eldar və Nigarla bağlı fikir bildirib. O qeyd edib ki, Eldar müsabiqənin ən intelektual iştirakçılarından biri idi və Nigar da eyni zamanda yarışmanın ən gözəl xanımı seçildi.
Baş direktor Azərbaycanlı təmsilçilərinin səhnəyə Türk bayrağı ilə çıxmasına da münasibət bildirib:
“Burada əslində Eldarın əlində Azərbyacan bayrağı, Nigarı əlində isə Türkiyə bayrağı olmalı idi. Həmin an həyacandan Eldar bayrağı götürməyi unutmuşdu. O baxımından da təkcə Türkiyə bayrağı ilə çıxdılar. Amma onun arxasından Azərbayacan bayraqları da səhnədə göstərildi. Bayraqların səhnədə birgə göstərilməsi fəxarət hissi doğurur, bu göstərdi ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”.
Sədaqət Süleymanova