Modern.az-ın məlumatına görə, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun nə zaman fəaliyyətə başlayacağına dair sualı cavablandıran baş konsul Haluk Ağca bildirib ki, bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Onun sözlərinə görə ölkə rəhbərliyinin dəstəyi sayəsində diplomatik nümayəndəliyin gələn ilin əvvəlinədək açılacağı gözlənilir. Baş konsul deyib ki, artıq təklif olunan 9 bina arasından Konsulluq üçün uyğun olanı seçilib. Belə ki, Konsulluq Mirzə Abbaszadə küçəsində Gəncə Regional Qan Bankının qarşısındakı binada yerləşəcək. Bununla da Gəncə və ətraf rayonların sakinləri Konsulluğun xidmətlərindən istifadə edə biləcəklər.
“İnanıram ki, qısa zamanda Konsulluğun qurulması tamamlanacaq. Türkiyədən işçilər gələcək və biz tam fəaliyyətə başlayacağıq. Düzdür, Konsulluğun açılması önəmli bir hadisədir. Bu həm də zaman alır. Çünki bu bir dəfə olacaq. Ondan sonra daimi olaraq bizim Baş Konsulluğumuzu var olacaq” deyə Haluk bildirib.
Xaliq Qurbanov
Gəncə