“Fitch Ratings” beynəlxalq reyting agentliyi Azərbaycan Respublikasına 2010-cu il may ayının 20-də təyin etdiyi uzun müddətli yerli və xarici valyutada reytinqi “BBB-“ investisiya səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozu “Sabit”dən “Pozitiv”ə dəyişdirilməsi barədə qərar qəbul edib.
Agentliyin Modern.az-a daxil olan press-relizində qeyd olunur ki, “Azərbaycanın reytinq üzrə proqnozunun dəyişdirilməsi dövlət maliyyəsinin idarə olunmasında və ölkənin tədiyyə balansı göstəricilərinin güclənməsində ölkəyə daxil olan neft gəlirləri vasitəçi qismində çıxış edib”.
Azərbaycan Respublikasına «BBB-» kredit reytinqinin təsdiq edilməsi ölkəmizə beynəlxalq maliyyə icması tərəfindən etimadın ötən dövr ərzində qorunub saxlanılmasının, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin mövcudluğunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarına daha asanlıqla çıxışı üçün münbit şərait yaradır.
“Fitch Ratings” Azərbaycan Respublikasına reytinqi ilk dəfə 2000-ci ilin iyun ayında təyin edib. Hal-hazırda Azərbaycan Respublikasının həmçinin “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş Ba1 və “Standard & Poors” beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş BB+ reytingləri var.