Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb. "161" nömrəli "qaynar xətt" 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Prezidentin 11 mart 2011-ci il tarixli "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında" Fərmanına əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılıb.
18 mart 2011-ci il tarixdə Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilib, korrupsiya ilə bağlı əməliyyat-axtarış tədbirlərinin yalnız idarə tərəfindən həyata keçirilməsi müəyyən edilib.
Dövlət başçısının müvafiq fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək ona korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, zərurət yarandıqda bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırılması və görülmüş tədbirlər barədə məlumat almaq, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədi ilə idarəyə mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilib.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb.
Həmin əmrə uyğun olaraq Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsi yaradılıb.
Həmçinin idarənin Əməliyyat şöbəsi və Əməliyyat təminatı şöbəsi təsis edilib.
İdarənin Analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi yaradılıb.
Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqının çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə yoxlamalar aparılması, eləcə də rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılıb.
Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin Daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilib.
“Qeyd olunanlara əsasən idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət və digər təsnifatlar üzrə təyinatlar aparılıb, rotasiya qaydasında müvafiq dəyişikliklər həyata keçirilib”-deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Modern.az