Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 28-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Modern.az-ən məlumatına görə, Əli Həsənov bu təyinatın Azərbaycanla Yaponiya arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Əli Həsənov siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və bu əlaqələrin səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə bundan sonra da, uğurla inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.
Baş nazirin müavini deyib ki, artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib:
“Yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Cənab Prezident bu sahədə çox uzaqgörənlik edib. O, hələ 2008-ci ildə göstəriş vermişdir ki, neftdən əldə olunan gəlir qeyri neft sektoruna yönəlsin. Əgər bunlar olmasaydı, indi çox böyük çətinliklərlə qarşılaşardıq.
Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları qəbul olunub və uğurla icra olunur”.
Əli Həsənov Yaponiyanı təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə səfirə təşəkkürünü bildirib. O eyni zamanda Yaponiyanın “Fuji Optical” Co.Ltd. şirkətinin rəhbəri, dünya şöhrətli oftolmoloq Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı missiyalarını yüksək qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqda danışan Əli Həsənov vurğulayıb ki, nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb.
Yaponiyalı diplomat Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün öz köməyini əsirgəməyəcəyini vurğulayıb.
Teruyuki Katori qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq.