Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Strauss-Kahn seksual təzyiq ittihamları ilə Nyu Yorkun məşhur Rikers İsland türməsinə gətirilib.
Ona qarşı 7 ittiham var və 25 ilədək həbs cəzası ala bilər.
Fransada 2012-ci ildə keçiriləcək seçkilərdə favorit hesab olunan cənab Strauss-Kahn bu ittihamları rədd edir. Onun zaminə buraxılması təklifi rədd edildikdən sonra vəkili bu qərardan məyusluq ifadə edib, amma müştərisinin bəraət qazanacağını deyib.
"Bu dava hələ indi başlayıb"- vəkil Benjamin Brafman məhkəmədə deyib. Strauss-Kahn həbs olunmazdan öncə Brüsselə yola düşməyə hazırlaşırdı, o burada Avropa İttifaqı maliyyə nazirlərinin görüşündə maliyyə xilas paketlərini müzakirə etməli idi.
BVF Portuqaliya və Yunanıstanın çətin vəziyyətdə olan iqtisadiyyatları üçün xilas paketləri təşkil etməkdə mühüm rol oynayıb.
BBC xəbər verir ki, BVF-nin rəhbəri Avropada maliyyə yardımı verən və alan ölkələrin etimadını qazanmışdı. Avropa İttifaqı deyir ki, bu qalmaqal avrozona ölkələrinin xilasına təsir göstərməməlidir.
Lüksemburqun baş naziri Jean-Claude Junker deyib: "Mən çox kədərli və məyusam. O, mənim dostumdur... Bu barədə şərh vermək bizə düşməz, amma bu məni dərindən kədərləndirir".
Fransanın maliyyə naziri Christine Lagarde Strauss-Kahnın vəziyyətinin "sarsıdıcı və ağrılı" olduğunu deyib.
BVF bəyanatında bildirib ki, idarəedici direktoruna qarşı ittihamlarla bağlı təşkilat məlumatlandırılıb və vəziyyətin inkişafını müşahidəyə davam edəcək.
1 milyon dollarlıq zamin
Prokurorlar məhkəmədə Strauss-Kahnın belə insidentlə bağlı adının ilk dəfə hallanmadığı deyiblər və onun ölkədən qaçmaq istərkən yaxalandığını iddia ediblər.
Straus-Kahnın vəkili Benjamin Brafman buna qarşı çıxıb və deyib ki, müttəhim ölkədən qaçmağa çalışmırdı, günorta görüşdə iştirak etməyə tələsirdi.
O, əlavə edib ki, Strauss-Kahn sonradan mehmanxanaya zəng edərək aeroportda olduğunu və mobil telefonunun otağında unutduğunu deyib.
Vəkil zamin üçün 1 milyon dollar və cümə günü növbəti məhkəməyədək cənab Strauss-Kahnın Nyu-Yorkda, qızının evində qalmasını təklif edib.
Ancaq hakim Melissa Cekson bu təklifi rədd edib. "Mən sizin müştərinizin aeroportda təyyarəyə minməkdə olduğunu eşidəndə, bu, məndə bəzi narahatlıqlar yaradır" - deyə Cekson bildirib.
İttihamlar Nyu Yorkda, Times meydanındakı Softifel mehmanxanasında baş verdiyi iddia edilən seksual təzyiqlə bağlıdır.
Nyu York polis departamentinə görə, 32 yaşlı mehmanxana qulluqçusu polislərə deyib ki, o, şənbə günü günorta Strauss-Kahnın otağına girəndə o, vanna otağından lüt çıxıb, qaçaraq qadının tutmağa çalışıb və onu seksual təhqir edib.
Qadın qaçıb qurtulmağı bacarıb və polisə müraciət edib.
BVF rəhbəri bazar günü tibbi müayinədən keçib. Polis iddia olunan təzyiqlə bağlı onun bədənində hər hansı cızıq və ya digər dəlil olub-olmadığını araşdırıb.
Daha sonra isə ona "kriminal seksual akt, qanunsuz saxlama və zorlama cəhdi" ittihamları oxunub. Polis deyib ki, qulluqçu rəsmən onun əlamətlərini təsvir edib.
Həbs olunmazdan öncə Strauss-Kahn Fransada gələn il keçiriləcək prezident seçkilərində favorit sosialis namizəd kimi qəbul edirdi.
Rəy sorğuları ona Prezident Nikola Sarkozini məğlub etmək şansı vermişdi.
Fransız yazıçıdan oxşar ittiham
Strauss-Kahnın xanımı, Fransa televiziyasında çalışan Anne Sinclair ərinin günahsız olduğuna inandığını deyib.
31 yaşlı Tristane Banon deyir ki, yazdığı kitabı üçün müsahibə almağa gedərkən cənab Strauss-Kahn onu zorlamağa çalışıb.
"Biz şikayət etməyə hazırlaşırıq" - cənab Banonun vəkili Frans Press xəbərlər agentliyinə deyib. Cənab Strauss-Kahnın vəkilləri bu iddialara cavab verməyiblər.
Modern.az