May ayının 10- dan başlayaraq bir qrup İmişli rayon sakini onların müraciətinə rayon rəhbərliyinin etinasız münasibəti, üzləşdikləri sosial ədalətsizlik və evlərinin yaşayış üçün yararsız vəziyyətdə olmasına baxmayaraq ayrı- seçkiliyə məruz qalmalarına etiraz əlaməti olaraq başladıqları aclıq aksiyasını dayandırıblar. Onlar aksiyanın müvəqqəti dayandırdıqlarını və tələbləri yerinə yetirilməsə ölüm aksiyasına başlayacaqlarını bildiriblər.
Dünən aksiya iştirakçılarının nümayəndələri “Kür” Vətəndaş Cəmiyyəti Qərargahında olaraq Qərargah üzvləri ilə görüşüblər. Görüşdə daha 17 nəfər İmişli rayon sakinin dövlət başçısına, Fövqaladə Hallar Nazirliyinə və Kür” Vətəndaş Cəmiyyəti Qərargahına olan müraciəti Qərargaha təqdim edilib. Evlərinin qəzalı vəziyyətdə olan foto şəkillərini müraciətə əlavə edən sakinlər İmişli rayon İcra hakimiyyətinin “İmişlidə qəzalı ev yoxdur” fikrinə etiraz edərək bu yanaşmanın yanlış olduğunu və ictimai rəyi aldatmağa xidmət etdiyini bildiriblər. Müraciətdə ötən ilin daşqınları zamanı təsirlərə məruz qalmış evlərin tikintisində bəzi vəzifəli şəxslərin öz qulluq mövqelərindən sui- istifadə edərək neqativ hallara yol verdikləri qeyd olunur və aidiyyatı qurumlardan bu məsələyə dərhal cavab verilməsi, müstəqil komissiya yaradılaraq İmişlidə qəzalı olan və tikilmiş bütün evlərə obyektiv baxış keçirilməsi istənilir.
Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev İmişli rayon sakinlərinin onlara ünvalanan müraciətinə cavab olaraq bildirib ki, təmsil etdiyi qurum yaxın günlərdə İmişli rayonuna səfər edərək qaldırılan problemin yerindəcə araşdırılması ilə məşğul olacaqlar. Kür daşqınlarının baş verməsinin ildönümü ərəfəsində Kür” Vətəndaş Cəmiyyəti Qərargahının 24 may 2011- ci ildə 2- ci Ümumrespublika Kür forumunun keçirilməsinə hazırlaşdığını bildirən O. Gülalıyev imişli rayonundan olan, aclıq aksiyası iştirakçılarını Forumda iştiraka dəvət edib. O bildirib ki, Forumda biz digər tərəflərin də iştirakını təmin etməyə çalışacayıq.
Modern.az