Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Modern.az xəbər verir ki, cəbhə bölgəsində səfərdə olan fransalı qonaqlar, QHT rəhbərləri, ziyalılara Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlər haqında geniş məlumat verilib.
Bildirilib ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıdıb, bütün binaları söküblər. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad edib.
Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün olub.
Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamından sonra Cocuq Mərcanlının bərpasına başlanıldı və əhali öz doğma yurd yuvasına geri dönüb.
Qonaqlara tarixi Şuşa məscidi haqqında geniş məlumat verilib və eyni zamanda onun bənzəri olan Cocuq Mərcanlı məscidinə baş çəkilib.
Fransalı qonaqlar əhali ilə səmimi söhbət edib, onların şəraiti ilə və məktəb binası ilə tanış olublar.
Fransalı jurnalist Jerar Kardon qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.
Qeyd edək ki, Fransız jurnalisti və yazıçısı Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində iyulun 23-dən Azərbaycanda səfərdədirlər.
Modern.az