Modern.az

662 bal toplayan imkansız qız: “Heç kimdən yardım istəməmişik”  

662 bal toplayan imkansız qız: “Heç kimdən yardım istəməmişik”   

Aktual

1 Avqust 2017, 13:22

Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal toplaması, üstəlik ixtisas və universitet seçim etməsi, amma imkansızlıq üzündən təhsil almaq arzusunu reallaşdırmaq imkanından məhrum olması barədə məlumatlar yayılıb.
Yayılan məlumatlara görə 662 bal toplayan zərdablı qız universitetdə oxumaqdan imtina edib. Bildirilir ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o da bu yola əl atıb.

Modern.az saytı məsələ ilə bağlı 662 bal toplayan Aytən Şirinova ilə  əlaqə saxlayıb. O bildirib ki, yayılan xəbərlər heç də doğru deyil.

“662 bal topladığım doğrudur. Kimdənsə kömək istəməyim barədə yazılanlar isə yalandır. Amma şəkildəki gözü bağlı təqdim olunan qız mənəm. Bilmirik bunu kim sosial şəbəkələrə ötürüb. Bu barədə artıq rayonda araşdırmalar davam edir”.

Aytən Şirinova ailəsinin maddi durumunun aşağı olduğunu gizlətməyib.

“Ailəlikcə kimdənsə maddi yardım istəməmişik. Düzdü, ailədə maddi durumumuz o dərəcədə də yaxşı deyil. Nə atam, nə də anam işləyir. Ola bilsin ki, bizi tanıyanlardan kimsə bu informasiyanı yayıb. Biz nə Zərdab rayon İcra Hakimiyyətindən, nə də Təhsil şöbəsindən kömək istəmişik. Artıq oxuyacağım universiteti və ixtisası seçmişəm. Bakı Dövlət Universitetinin hüquq fakultəsində oxumaq istəyirəm. Bakıda heç kimimiz yoxdur. Hələ kirayə evlərlə də maraqlanmamışıq. Yəqin ki, nəticələr tam açıqlanandan sonra Bakıya gedəcəyik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu