Prezident İlham Əliyev Vüqar Rafik oğlu Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.
Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov vəzifədən azad olunub.
A.Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru postunu tuturdu.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur.
Himayəçilik Şurası 7 nəfərdən ibarətdir və onun tərkibinə Mərkəzi Bankın 3 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir.
Fondun icraçı direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.