Modern.az saytının məlumatına görə, prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olub. Bakı şəhərinin sxemi əsasında Bayraq Meydanında və ətraf ərazilərdə həyata keçirilən quruculuq işləri barədə ölkə prezidentinə ətraflı məlumat verilib. Dövlət başçısı Bayraq meydanından şəhərin panoramını da seyr edib. Ərazidə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olan prezident işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, 2010-cu ilin noyabrın 9-da prezident İlham Əliyev Azərbaycanda ilk dəfə qeyd edilən Bayraq Günü münasibətilə təşkil edilən mərasimdə Bayraq Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlar verib. O, vaxtdan başlayaraq Bayraq Meydanın ətrafında ardıcıl olaraq quruculuq tədbirləri həyata keçirilir. Dövlət Bayraq Meydanının ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması istiqamətində xeyli işlər görülüb.