Modern.az

Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir

Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir

4 Avqust 2017, 16:35

7-10 avqust 2017-ci il tarixində Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu, 14-18 avqust 2017-ci ildə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək.
Modern.az-ın məlumatına görə,  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqların iştirakı gözlənilir.

Azərbaycan 2013-cü ilin fevral ayında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qəbələdə keçiriləcək Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparacaq, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi edəcəklər.

Dünya Skaut Konfransı Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində baş tutacaq. Müzakirə olunacaq əsas mövzular skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarət olacaq.

Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaq.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu