“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. Kampaniyanın əsas məqsədlərindən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. İşğal altında olan rayonların gənclərinin Kampaniyada iştirakını təmin etmək üçün işçi qrupları onların müvəqqəti məskunlaşdıqları ərazilərdə bunu həyata keçirir. Gəncə rayonu “Gülüstan” qəsəbəsində Kəlbəcər rayonundan məcburi köçkün olan gənclər arasında Kampaniya keçirilib. Açılış mərasimində layihənin kordinatoru Natiq Nəsirov bildirib ki, gənclərin hərtərəfli inkişafı, onların Avropaya inteqrasiyası məsələləri, istər təhsil, istərsə də digər sahələrdə onlara xidmət edən layihələr daim Milli Şura tərəfindən həyata keçirilir. Çıxış edən işçi qrupunun üzvü, Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, bu gün vətəndən uzaq olsaq da hər birimiz Azərbaycanımızı sevməli, onun ərazi bütövlüyünü qorumalıyıq. O. Əli inşallah bu tədbirin Kəlbəcərdə keçiriləcəyinə inandığını da əlavə edib.
Vətəndən uzaqda “Vətəni tanı”yan 150-dən çox Kəlbəcərli gəncdən ikisi respublika turuna vəsiqə qazanıb.